Əgər Ayda daimi insan varlığı yaradılacaqsa, Yerlə Ay arasında yüksək sürətli məlumat şəbəkəsi yaradılmalı, real vaxt rejimində rabitə, naviqasiya, audio, təsvir və video ötürülməsi təmin edilməlidir. Çin Kosmik Texnologiyalar Akademiyasının (CAST) və Pekin Kosmik Aparatlar Sistemləri Mühəndisliyi İnstitutunun tədqiqatçıları, məhz bunu etmək üçün informasiya magistralını qurmaq istəyirlər.
Məqsəd 20 və ya daha çox insanın görüntü, audio və ya video vasitəsilə eyni vaxtda Yerlə əlaqə saxlamasına imkan yaratmaqdır. Şəbəkə, həmçinin Yer-Ay uçuşu və Ay səthi əməliyyatları üçün dəqiq yerləşdirmə, naviqasiya və vaxt (PNT) təklif edəcək. Təklif olunan bu şəbəkə, Yerlə Ay arasındakı bölgə olan cislunar kosmosda 1 metr kimi kiçik hərəkətli hədəfləri izləmək və müşahidə etmə qabiliyyətinə malik olacaq.
Söyləntilərə görə, Çinin məlumat yolunun 3 mərhələdə həyata keçirilməsi hədəflənir. Birinci mərhələdə 2 peyk və yerüstü stansiya qurulacaq və 10-a qədər istifadəçi üçün rabitə təmin ediləcək. İkinci mərhələdə 10 peyk və ikinci Ay stansiyası əlavə olunacaq ki, bu da məlumatların ötürülmə sürətini saniyədə 5 giqabayta və naviqasiya dəqiqliyini isə 100 metrə çatdıracaq. Son mərhələdə peyk donanması 30-a çatdırılacaq və sonuncu Ay baza stansiyası istifadəyə veriləcək. Bütün mərhələlər tamamlandıqdan sonra şəbəkə saniyədə 10 giqabayt məlumat ötürmə sürətinə və 10 metr naviqasiya dəqiqliyinə çatacaq.