Rabitə və informasiya sistemlərinin inkişafı və yeni texnologiyaların tətbiqi məqsədilə reallaşdırılmış məqsədyönlü tədbirlər muxtar respublikanın hazırkı sosial-iqtisadi inkişafında bu sahənin rolunu daha da artırmışdır. Naxçıvan Muxtar Respublikasında Rabitə və Yeni Texnologiyalar Nazirliyinin yaranmasından ötən dövr ərzində əhaliyə nümunəvi rabitə xidmətinin göstərilməsi məqsədilə konkret vəzifələr müəyyənləşdirilmiş, bu sahədə mühüm irəliləyişlər əldə olunmuşdur. Rabitə sektoruna investisiyaların cəlb edilməsi nəticəsində istismarda olan avtomat telefon stansiyaları müasir tələblərə cavab verən yeni rabitə sistemi ilə əvəz olunmuş, ən ucqar dağ kəndində belə, genişzolaqlı, yüksəksürətli internet və digər müasir telekommunikasiya şəbəkələri istifadəyə verilmişdir. Muxtar respublikada Yeni Nəsil Texnologiyaların tətbiqi ilə əlaqədar nəzərdə tutulan 4 mərhələdən ibarət layihə başa çatdırılmışdır. Belə ki, 4-cü nəsil telekommunikasiya xidmətlərindən istifadəyə imkan verən NGN (New Generation Network) avadanlıqları quraşdırılmış, telekommunikasiya şəbəkəsi üzrə sabit telefon nömrələri 7 rəqəmli nömrə planına keçirilmişdir. Hazırda telefon istifadəçilərinin 86 faizinə Yeni Nəsil Telefon Stansiyaları vasitəsi ilə xidmət olunur. Naxçıvanda optik kabel xətlərinin tikintisinin geniş şəkildə həyata keçirilməsi, böyüktutumlu və keyfiyyətli rabitə əlaqələrinin qurulmasına imkan vermişdir. Ötən müddət ərzində muxtar respublikanın telekommunikasiya şəbəkəsi beynəlxalq Trans-Asiya-Avropa fiber-optik kabel magistralına qoşulmuş, Naxçıvanın tranzit telekommunikasiya imkanları genişlənmişdir. Hazırda muxtar respublikada fiber-optik kabel xətlərinin ümumi uzunluğu 1641 kilometrdir. Bu da muxtar respublikada rabitə əlaqələrinin kəsintisiz həyata keçirilməsində, elektron hökumət, genişzolaqlı internet, 4-cü nəsil xidmətlərin və digər informasiya-kommunikasiya texnologiyaları layihələrinin icrasında əvəzsiz rola malikdir. Optik şəbəkənin genişləndirilməsi həmçinin fərdi mənzillərə optik kabelin çəkilməsinə imkan vermişdir. Hazırda Naxçıvan şəhərində “Evədək optika” layihəsi həyata keçirilir. Muxtar respublikada rabitə sahəsindəki sürətli inkişaf, fiber-optik kabel xətlərinin çəkilməsi, yüksəksürətli telekommunikasiya şəbəkələrinin yaradılmasına şərait yaratmışdır.
Texnologiyanın inkişaf tempi elektron imzadan istifadəyə tələbatı da artırmışdır. Bu tələbatı ödəmək məqsədilə “Elektron İmzanın Sertifikat Xidməti Mərkəzi” yaradılmış, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində elektron imza kartının verilməsi təşkil edilmişdir.
Ötən dövrdə İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, muxtar respublikanın internet resurslarının genişlənməsi ilə əlaqədar əlavə server avadanlıqları və irihəcmli məlumatların qəbulu və paylanması üçün şəbəkə avadanlıqları alınmışdır. Həmçinin IP ünvanların çatışmazlığı aradan qaldırılmış, Türkiyə Respublikasının “Türk Telekom” şirkəti ilə əməkdaşlıq protokolu imzalanmışdır. Hazırda muxtar respublikaya daxil olan internet kanalının həcmi 8 Gb/s-dir. Bu gün muxtar respublikanın yaşayış ərazilərinin 98 faizində genişzolaqlı, 99 faizində isə mobil internet xidmətləri göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanının icrası ilə əlaqədar “Elektron hökumət” portalı yaradılmış, “Bir pəncərə” prinsipi əsasında dövlət orqanlarının xidmətləri portala inteqrasiya edilmişdir. Elektron xidmətlərin onlayn rejimdə ödənilməsi təşkil edilmiş, istifadəçilərin portalda qeydiyyatdan keçməsi avtomatlaşdırılmış və portalın təhlükəsizliyi ilə əlaqədar tədbirlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 90-dan artıq dövlət təşkilatına və 12 idman federasiyasına elektron poçt ünvanları və domen adları verilmiş, həmin təşkilatların internet səhifələri hazırlanaraq qlobal şəbəkədə yerləşdirilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasında Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemləri istismara verilmişdir. Bunun üçün idarələr arasında qapalı şəbəkə qurulmuş, mərkəzi server avadanlıqları alınmış və müvafiq proqram təminatı hazırlanmış, 96 təşkilatın sistemə qoşulması təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada elektron təhsil infrastrukturunun yaradılması və təhsildə yeni texnologiyaların tətbiqi diqqət mərkəzində saxlanılır. Son illər bu istiqamətdə işlər daha da genişləndirilmiş, əsaslı təmir edilən və yeni istifadəyə verilən təhsil müəssisələrində kompüter dəstləri quraşdırılaraq internetə qoşulması təmin edilir. Həmçinin təhsil müəssisələri arasında interaktiv əlaqənin təmin edilməsi üçün distant təhsil sistemi yaradılmış, internet üzərindən interaktiv dərslərin keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin saytında elektron təhsil xidməti istifadəyə verilmiş, orta ixtisas və ümumtəhsil məktəblərinin iştirakı ilə distant dərslərin keçirilməsinə başlanmışdır. Hazırda muxtar respublika üzrə 236 təhsil, elmi müəssisə və 18 muzey distant təhsil sisteminə qoşulmuşdur.
Müasir texnologiyaların tətbiqi muxtar respublika ərazisində DVB-T standartlı rəqəmli radio-televiziya yayımının təşkilinə də əsaslı zəmin yaratmışdır. 2014-cü ilin dekabr ayından muxtar respublika ərazisində analoq televiziya yayımı dayandırılmış, 6 güclü və 44 azgüclü verici stansiya vasitəsilə rəqəmli televiziya yayımına keçid təmin edilmişdir. Hazırda bütün yaşayış məntəqələrində DVB-T standartında 12 televiziya kanalının və 10 radio dalğasının rəqəmli formatda yayımı təmin edilmişdir. Bundan başqa, Duzdağ Radio-Televiziya Verici Stansiyasında qurulan baş stansiya, 7 ədəd güclü rəqəmli televiziya vericisi vasitəsilə Cənubi Qafqazda ilk dəfə olaraq DVB-T2 standartında 67 televiziya kanalının yayımına başlanılmış, Naxçıvan Dövlət Televiziyasının yüksək keyfiyyətli HD formatda efirə çıxışı təmin edilmişdir. Dünyanın ən böyük telekommunikasiya nəhənglərindən olan Çin Xalq Respublikasının Huawei şirkəti ilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi arasında ötən 16 ildə səmərəli əməkdaşlığın qurulması Naxçıvanda informasiya kommunikasiya texnologiyalarının inkişafına əhəmiyyətli dərəcədə təkan vermişdir. Nazirliyin Huawei şirkəti ilə əməkdaşlığı Naxçıvan Muxtar Respublikasında internet provayder xidmətinin təşkil edilməsi ilə bağlı 2002-ci ildə A8010 avadanlığının alınması üçün bağlanmış ilk müqavilə ilə başlanmışdır. İndiyə kimi Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi və Huawei şirkəti arasında ümumi dəyəri 20 milyon ABŞ dollarından artıq olan 34 müqavilə imzalanmışdır. 2006-cı ildə Huawei şirkətinin istehsalı olan 27 baza stansiyası və mərkəzi idarəetmə sistemindən ibarət olan CDMA simsiz telefon rabitə sistemi istismara verilmişdir. Bundan sonrakı mərhələdə şəbəkə üzərində simsiz internet xidməti yaradılmışdır. Əhəmiyyəti və aktuallığı nəzərə alınaraq layihə Azərbaycan Layihələrin idarə edilməsi Assosasiyası və “İT maqazin” jurnalının təsis etdiyi İKT üzrə “İntellekt-2007” mükafatına layiq görülmüşdür. 2009-cu ildə Naxçıvanda mövcud telefon sisteminin Yeni Nəsil Telekommunikasiya sisteminə keçirilməsi ilə bağlı 4 mərhələdən ibarət müqavilə bağlanmış, əsas və ehtiyat idarəetmə sistemi, 10 Gb/s transmissiya şəbəkəsi, 193 avtomat telefon stansiyası istifadəyə verilmişdir.
Naxçıvanda rabitə və yeni texnologiyaların inkişafı sahəsində görülən işlərin davamı olaraq 2016-cı il oktyabr ayının 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə 4-cü nəsil mobil rabitə şəbəkəsi istifadəyə verilmişdir. 4-cü nəsil mobil rabitə sistemi məlumatların alınması və ötürülməsi üçün özündən əvvəlki sistemlərlə müqayisədə daha yüksəksürətli və genişzolaqlı şəbəkələrə çıxış imkanına malikdir. Şirkətin sponsorluğu ilə Naxçıvan Dövlət Universiteti, Naxçıvan Universiteti və Müəllimlər İnstitutunun Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə hamiliyə verilmiş ixtisasları üzrə təhsil alan tələbələrinin “Huawei” şirkətinin Şenjen şəhərindəki Yay Təlim Mərkəzində istehsalat təcrübəsində iştirakı təmin edilib. 2016-cı ildə altı, 2017-ci ildə isə on iki tələbə Çinə istehsalat təcrübəsinə göndərilmişdir. Növbəti illərdə də tələbələrin İKT biliklərinin artırılması üçün belə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.