1. Ümumi müddəalar
1.1. Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra – Nazirlik) avtomobil nəqliyyatı (Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müəyyən etdiyi hallar istisna olmaqla), rabitə (telekommunikasiya və poçt), elektron hökumət, yüksək texnologiyalar (informasiya kommunikasiya texnologiyaları, rəqəmsallaşma, data idarəçiliyi, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində (bundan sonra – müvafiq sahə) dövlət siyasətinin həyata keçirilməsində iştirak edən və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Nazirlik müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və Azərbaycan və ingilis dillərində öz adı həkk olunmuş möhürə, kargüzarlıq xidmətinin gerbsiz möhürünə, müvafiq ştamplara və blanklara malikdir.
1.5. Nazirliyin saxlanması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Naxçıvan Muxtar Respublikasının büdcəsi və qanunla nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Nazirlik Naxçıvan şəhərində yerləşir.
2. Nazirliyin fəaliyyət istiqamətləri
2.0. Nazirlik aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
2.0.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
2.0.2. müvafiq sahədə dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirir;
2.0.3. Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini həyata keçirir;
2.0.4. müvafiq sahəyə investisiyaların cəlb edilməsi üçün tədbirlər görür;
2.0.5. müvafiq sahə üzrə yerli əhəmiyyətli investisiya layihələrinin hazırlanmasını, həyata keçirilməsini və idarə olunmasını aidiyyəti dövlət qurumları ilə birlikdə təmin edir;
2.0.6. qanunla müəyyən olunmuş hallarda və qaydada müvafiq sahədə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya və icazə verir, lisenziya və icazə şərtlərinə riayət olunmasına nəzarət edir;
2.0.7. Naxçıvan Muxtar Respublikası ərazisindən keçən avtomobil nəqliyyatı dəhlizlərinin inkişafı və rəqabət qabiliyyətinin artırılması üçün təkliflər verir;
2.0.8. telekommunikasiyanın, o cümlədən simsiz texnologiyaların, genişzolaqlı internetin, poçtun inkişafını və radiotezliklərdən səmərəli istifadəni təmin edir;
2.0.9. tranzit informasiya magistrallarının və qovşaqlarının, regional informasiya xidmətlərinin yaradılmasında və genişləndirilməsində iştirak edir;
2.0.10. aidiyyəti dövlət qurumları ilə birlikdə yüksək texnologiyalar üzrə elmi-texniki və innovasiya siyasətini həyata keçirir;
2.0.11. aidiyyəti dövlət qurumları ilə birlikdə yüksək texnologiyalar sektorunun potensialının gücləndirilməsi, rəqabətədavamlı yüksək texnoloji, elmtutumlu, azməsrəfli məhsul və xidmətlər istehsalının və innovativ sahibkarlığın inkişafının təşviqi üzrə tədbirləri həyata keçirir;
2.0.12. informasiya təhlükəsizliyinin təmin edilməsi, qlobal kiberhücumların qarşısının alınması, elektron informasiya ehtiyatlarının mühafizəsi sahəsində siyasətin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;
2.0.13. dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər həyata keçirir;
2.0.14. muxtar respublikada “elektron hökumət”in inkişafı ilə bağlı tədbirlər görür;
2.0.15. muxtar respublikada data idarəçiliyi fəaliyyətini və istifadəsini təşkil edir;
2.0.16. elektron imza infrastrukturunun inkişafını və ondan geniş istifadəni təmin edir;
2.0.17. informasiya cəmiyyətinin inkişafına dair tədbirlər hazırlayır və həyata keçirir;
2.0.18. müvafiq sahədə dövlət əmlakından səmərəli istifadə olunmasına nəzarət edir və dövlət maraqlarının qorunmasını təmin edir;
2.0.19. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirir;
2.0.20. müvafiq sahənin inkişafı üçün tədbirlər görür.
3. Nazirliyin vəzifələri
3.0. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.0.1. aidiyyəti dövlət qurumları ilə birlikdə müvafiq sahənin inkişafı üzrə prioritetləri müəyyən etmək, dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;
3.0.2. müvafiq sahədə dövlət tənzimləməsi mexanizmlərinin təkmilləşdirilməsinə dair təklifləri aidiyyəti üzrə təqdim etmək;
3.0.3. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək, yüksək texnologiyaların tədqiqi, hazırlanması, işlənməsi və təkmilləşdirilməsi üzrə innovativ fəaliyyəti əlaqələndirmək, müvafiq sahənin inkişafını təşviq etmək və marifləndirmə işini həyata keçirmək, bu sahədə aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlər görmək;
3.0.4. fəaliyyət istiqamətləri üzrə müvafiq sahə ilə bağlı dövlət qurumlarının, fərdi sahibkarların və hüquqi şəxslərin fəaliyyətini əlaqələndirmək;
3.0.5. müvafiq sahədə fəaliyyət göstərən və nizamnamə kapitalında dövlətin payı olan müəssisələrdə Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müəyyən etdiyi hallarda və qaydada dövlətin maraqlarını təmsil etmək;
3.0.6. müvafiq sahə üzrə dövlət-özəl tərəfdaşlığını inkişaf etdirmək;
3.0.7. Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid olan məsələlərə dair tarif siyasətinin formalaşmasında iştirak etmək, bu sahədə dövlət tərəfindən tənzimlənən tariflər barədə təkliflər vermək, müvafiq sahədə razılaşdırılmış tarif siyasətini həyata keçirmək, daşıma, poçt tariflərini və yığımlarını, eləcə də digər xidmətlər üzrə tariflərin müvafiq qaydalara uyğun olaraq təsdiq edilməsi üçün təkliflər vermək, habelə müvafiq sahədə tarifləri dövlət tərəfindən tənzimlənməyən xidmətlər üzrə tətbiq edilən tariflərin monitorinqini aparmaq, bu barədə aidiyyəti qurumlara tövsiyələr vermək;
3.0.8. müvafiq sahədə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
3.0.9. Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müəyyən etdiyi hallarda və qaydada müvafiq sahədə dövlət sifarişçisi funksiyasını həyata keçirmək;
3.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, müvafiq sahədə dövlət vəsaiti hesabına maliyyələşdirilən tikintilər üzrə sifarişçi funksiyalarını həyata keçirmək;
3.0.11. müvafiq sahədə dövlət əhəmiyyətli obyektlərin tikintisi barədə təkliflər vermək;
3.0.12. tabeliyində olan dövlət müəssisələrinin özəlləşdirilməsinə dair komissiyaların işində iştirak etmək;
3.0.13. Azərbaycan Respublikasının Prezidenti və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat qovşaqlarında nəqliyyat növlərinin qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsi və qarışıq daşımaların inkişafı üçün tədbirlər görmək;
3.0.14. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa 3 nömrəli əlavə – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 31-ci, 35-ci, 36-cı, 39-cu, 41-ci, Azərbaycan Respublikasının Prezidenti və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla 34-cü və 37-ci maddələrində nəzərdə tutulmuş icazələri bilavasitə və ya strukturuna daxil olan qurum vasitəsilə vermək, icazə şərtlərinə əməl edilməsinə nəzarət etmək;
3.0.15. taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək;
3.0.16. avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları (sahələri) üçün metodiki göstərişləri təsdiq etmək;
3.0.17. yüksək texnologiyalar parklarının fəaliyyətinin təşkilini və idarə olunmasını həyata keçirmək;
3.0.18. informasiya təhlükəsizliyinin təmin edilməsi və məlumatların qorunması sahəsində aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər görmək;
3.0.19. biometrik texnologiyaların yaradılmasına və həmin texnologiyalara xidmət göstərilməsinə lisenziya vermək, lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına nəzarət etmək;
3.0.20. qanunla müəyyən edilmiş hallarda və qaydada lisenziya müqaviləsi bağlamaq;
3.0.21. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 4 aprel tarixli 156-VI FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası ərazisində lisenziya verən orqanların siyahısı”nın 1.3-cü və 2.1-ci bəndlərində nəzərdə tutulmuş lisenziyaya malik olan lisenziya sahibinin lisenziyada göstərilən fəaliyyəti həyata keçirərkən lisenziya şərtlərinə riayət etməsinə nəzarət etmək, lisenziya sahibinin lisenziya şərtlərinə riayət etməməsi hallarını aşkar etdikdə lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana əsaslandırılmış təqdimat göndərmək;
3.0.22. aidiyyəti dövlət orqanları ilə birlikdə müvafiq sahə üzrə xidmət bazarlarının formalaşdırılmasına nəzarəti təmin etmək, xidmət bazarlarının təhlilini aparmaq, hökmran mövqe tutan operatorların və provayderlərin fəaliyyəti üzrə xüsusi tələbləri müəyyənləşdirmək;
3.0.23. aidiyyəti dövlət orqanları ilə birlikdə informasiya kommunikasiya texnologiyaları sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəricilərini müəyyən etmək, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin xidmətlərinin keyfiyyətinə nəzarət etmək və monitorinqlər aparmaq;
3.0.24. ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulma və ondan istifadə qaydalarını, bu şəbəkənin inkişafı, təkmilləşdirilməsi, səmərəli və etibarlı istifadə edilməsi sahəsində siyasətin həyata keçirilməsində iştirak etmək;
3.0.25. Naxçıvan Muxtar Respublikasının radiotezlik ehtiyatlarından istifadənin tənzimlənməsində və mühafizəsinin həyata keçirilməsində iştirak etmək;
3.0.26. radiotezliklərdən, radioelektron vasitələrdən və bu sahədə mülki təyinatlı qurğulardan istifadə qaydalarını müəyyənləşdirmək, onların icrasına nəzarəti və telekommunikasiya vasitələrinin elektromaqnit sahəsinin monitorinqini həyata keçirmək;
3.0.27. universal telekommunikasiya xidmətlərinin təşkilini, keyfiyyətini, müddətini və digər tələbləri müəyyən etmək, xidmətlərə nəzarətlə bağlı zəruri tədbirlər görmək;
3.0.28. Müvafiq sahə üzrə fəaliyyət göstərən operatorların, provayderlərin və digər hüquqi şəxslərin, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin qarşılıqlı fəaliyyətini əlaqələndirmək məqsədi ilə tövsiyələr vermək;
3.0.29. telekommunikasiya vasitələrinin və qurğularının sertifikatlaşdırılmasını təşkil etmək;
3.0.30. poçt-maliyyə xidmətləri sahəsində fəaliyyətə nəzarətin həyata keçirilməsi üçün zəruri tədbirlər görmək;
3.0.31. muxtar respublikada dövlət poçt ödənişi nişanlarının hazırlanması, nominal dəyərinin və tirajının təsdiq edilməsi, onların çapı, dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması qaydasını müəyyən etmək və bu sahəyə nəzarəti həyata keçirmək;
3.0.32. Naxçıvan Muxtar Respublikasının ərazisində poçt rabitəsi obyektləri üçün poçt indekslərini və nəzarət-keçid müddətlərinə dair normativləri müəyyən etmək və poçt rabitəsi xidmətlərinin keyfiyyətinə nəzarət etmək;
3.0.33. fövqəladə hallarda telekommunikasiya şəbəkələrinin dayanıqlı işini təmin etmək, bu məqsədlə material ehtiyatlarının yığılması planlarını hazırlamaq və həyata keçirilməsində iştirak etmək;
3.0.34. muxtar respublikanın bütün yaşayış məntəqələrində əhalinin keyfiyyətli və etibarlı telekommunikasiya və genişzolaqlı internet xidmətləri ilə təmin olunması ilə bağlı zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
3.0.35. poçt rabitəsi və poçt-maliyyə xidmətlərinin inkişafı üzrə zəruri tədbirlər görmək;
3.0.36. aidiyyəti dövlət orqanları ilə birlikdə muxtar respublikanın tranzit informasiya dəhlizi imkanlarının genişləndirilməsi, bu sahədə yerli və xarici operatorların fəaliyyətinin əlaqələndirilməsi, investisiyaların cəlb olunması üzrə zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
3.0.37. muxtar respublikanın qlobal informasiya-telekommunikasiya şəbəkəsinə alternativ və dayanıqlı qoşulma imkanlarının artırılması üzrə zəruri tədbirlər görmək;
3.0.38. muxtar respublikada data-mərkəzlər şəbəkəsinin genişləndirilməsini və informasiya xidmətlərinin təşkilini həyata keçirmək;
3.0.39. aidiyyəti qurumlarla birlikdə yüksək texnologiyalar üzrə elmi tədqiqatların genişləndirilməsi, səmərəliliyinin artırılması və nəticələrinin müvafiq sahələrdə tətbiqi ilə bağlı zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
3.0.40. aidiyyəti dövlət qurumları ilə birlikdə istehsal sahələrində yüksək texnologiyaların tətbiqinin genişləndirilməsi, yüksək texnoloji və elmtutumlu məhsul və xidmətlərin yaradılması və istehsalı ilə bağlı təkliflər hazırlamaq və həyata keçirilməsi üçün tədbirlər görmək;
3.0.41. innovasiya fəaliyyətinin təşviqini, yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərilməsini və onların transferinin təşkilini, innovasiyayönümlü elmi tədqiqatların dəstəklənməsini, innovativ layihələrin (o cümlədən startapların) maliyyələşdirilməsini, innovasiya təşəbbüskarlığının təbliğini həyata keçirmək;
3.0.42. muxtar respublikada ümumi kibertəhlükəsizlik vəziyyətini mütəmadi təhlil etmək, kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını həyata keçirmək, əhalini, özəl və digər qurumları elektron vasitələrdən istifadə zamanı mövcud və yarana biləcək elektron təhlükələr barədə məlumatlandırmaq, onlara texniki və metodik yardım göstərmək, muxtar respublikaya daxil olan ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədi ilə internet operatorları və aidiyyəti dövlət orqanları ilə birlikdə qabaqlayıcı tədbirlər görmək;
3.0.43. muxtar respublikanın efir məkanına kənar müdaxilənin qarşısının alınması üçün aidiyyəti dövlət orqanları ilə birlikdə zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
3.0.44. dövlət reyestrinə daxil edilmiş informasiya sistemlərində fərdi məlumatların toplanması, işlənməsi və mühafizəsinin “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə məlumatların və onların işlənmə üsullarının informasiya sisteminin bəyan olunmuş məqsədlərinə uyğunluğunu aidiyyəti dövlət orqanları ilə birlikdə yoxlamaq;
3.0.45. elektron təhlükələrin aşkar olunması və qarşısının alınması məqsədi ilə aidiyyəti dövlət qurumları ilə birlikdə informasiya sistemlərinin və şəbəkələrinin təhlükəsizlik üzrə auditini həyata keçirmək;
3.0.46. telekommunikasiya və yüksək texnologiyalar sahəsində obyektlərin mühafizəsini təşkil etmək və fövqəladə vəziyyətlərin aradan qaldırılmasında iştirak etmək;
3.0.47. dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, belə şəbəkələrə texniki dəstək və onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər görmək;
3.0.48. elektron imza infrastrukturunun inkişafını təmin etmək;
3.0.49. dövlət informasiya ehtiyatları və sistemlərinin Nazirliyin Data Mərkəzində saxlanılmasını, həmçinin “Hökumət buludu”ndan istifadəni təşkil etmək;
3.0.50. Nazirliyin Data Mərkəzində, eləcə də “bulud” texnologiyasına əsaslanan “bulud” xidmət modellərində dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması və aparılmasını, habelə elektron xidmətlərin təşkili üçün texnoloji mühiti təmin etmək;
3.0.51. “Hökumət buludu”nun təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti dövlət orqanı ilə birlikdə tədbirlər görmək;
3.0.52. dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələbləri müəyyənləşdirmək;
3.0.53. dövlət qurumlarının göstərdikləri xidmətlərin elektron formada təşkili və təkmilləşdirilməsi məqsədilə aşağıdakıları həyata keçirmək:
1. dövlət qurumlarının malik olduqları informasiya sistemləri və ehtiyatları ilə tanış olmaq, göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı tədbirlər görmək;
2. elektron xidmətlərin göstərilməsi üzrə texniki tələbləri müəyyənləşdirmək;
3. dövlət qurumlarında elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının təşkili və fəaliyyəti üzrə qiymətləndirmələr aparmaq və nəticəsi barədə arayışlar, hesabatlar hazırlamaq;
4. elektron xidmətlərin göstərilməsi üzrə dövlət qurumlarına metodik və texniki köməklik göstərmək;
5. dövlət qurumlarının elektron xidmətləri barədə vətəndaşlardan daxil olan müraciət və təklifləri təhlil edərək, aidiyyəti dövlət qurumlarına məlumat göndərmək;
3.0.54. informasiya sistemləri və ehtiyatları, habelə elektron xidmətlərlə bağlı dövlət qurumları tərəfindən təqdim olunan layihələrə, onların texniki və səmərəliliyi baxımından məqsədəuyğunluğu barədə rəy vermək;
3.0.55. dövlət xidmətlərinin həyata keçirilməsinin keyfiyyət standartlarına dair təkliflər vermək;
3.0.56. internet və telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunu aparmaq;
3.0.57. yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsi halları ilə bağlı qanunla müəyyən edilmiş tədbirləri görmək;
3.0.58. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 14.2-ci maddələrinə uyğun olaraq internet informasiya ehtiyatları vasitəsilə yayımlanan kino, televiziya və videofilmlərin (o cümlədən animasiya filmlərinin), kompüter və digər elektron oyunların işarələnmədiyi və yaxud bu Qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə, müstəqil şəkildə həmin informasiya məhsullarının ekspertizasını təşkil etmək;
3.0.59. qanunla müəyyən edilmiş hallarda və qaydada internet informasiya ehtiyatına müraciəti məhdudlaşdırmaq;
3.0.60. “elektron hökumət”in inkişafı, elektron xidmətlərin təkmilləşdirilməsi məqsədləri üçün informasiya sistemləri, ehtiyatları və reyestrlərin əlaqələndirilməsi və inteqrasiyası ilə bağlı təkliflər vermək;
3.0.61. dövlət xidmətlərinin elektronlaşdırılması və “elektron hökumət” portalına inteqrasiyası ilə bağlı təkliflər vermək;
3.0.62. müvafiq sahədə elektron idarəetmə sistemlərini və informasiya sistemlərini yaratmaq;
3.0.63. Naxçıvan Muxtar Respublikasında lotereya təşkilatçısının və (və ya) idman mərc oyunlarının operatorunun məlumatı əsasında, idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün zəruri tədbirlər görülməsində iştirak etmək;
3.0.64. “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsində nəzərdə tutulan məlumatlarla alıcıların (sifarişçilərin) və səlahiyyətli dövlət orqanlarının tanış olmasına imkan yaratmadıqda, müvafiq satıcının muxtar respublika ərazisində fəaliyyətinin məhdudlaşdırılmasında iştirak etmək;
3.0.65. əhalinin müxtəlif qrupları, şəhər və kənd yaşayış məntəqələri arasında informasiya texnologiyalarından istifadədə rəqəmli fərqliliyin aradan qaldırılması üçün zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
3.0.66. biliklərə əsaslanan iqtisadiyyatın, o cümlədən sosial-iqtisadi fəaliyyətin yeni formalarının (e-ticarət, telesəhiyyə, teleiş və s.) inkişafı ilə bağlı aidiyyəti qurumlarla birlikdə zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
3.0.67. yerli internet resurslarının inkişaf etdirilməsi üzrə aidiyyəti qurumlarla birlikdə zəruri tədbirlər hazırlamaq və həyata keçirmək;
3.0.68. müvafiq sahə üzrə mövcud qayda və standartlara uyğun olmadan təşkil edilən xidmətlərin aşkarlanması və qarşısının alınması ilə bağlı aidiyyəti qurumlarla birlikdə tədbirlər görmək;
3.0.69. müvafiq sahə üzrə təsərrüfat subyektlərinin inhisarçılıq fəaliyyətinin və haqsız rəqabətinin qarşısının alınması, sağlam rəqabət mühitinin formalaşdırılması və istehlakçıların hüquqlarının qorunması sahəsində aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər görmək;
3.0.70. aidiyyəti dövlət orqanları ilə birlikdə müvafiq sahədə investisiya mühitinin yaxşılaşdırılması, investisiyaların stimullaşdırılması ilə bağlı təkliflər hazırlamaq və yerli və xarici investisiyaların cəlb edilməsi üçün tədbirlər görmək;
3.0.71. müvafiq sahədə yüksəkixtisaslı kadrlara olan tələbatı öyrənmək, kadr hazırlığını təmin etmək, mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;
3.0.72. müvafiq sahədə dövlət standartlarının və təsnifatlarının hazırlanmasında iştirak etmək;
3.0.73. müvafiq sahə üzrə beynəlxalq təşkilatların tövsiyələrinin öz fəaliyyətində nəzərə alınması üçün tədbirlər görmək;
3.0.74. müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək;
3.0.75. müvafiq sahədə elektron xidmətlərin təşkilini və göstərilməsini təmin etmək;
3.0.76. insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
3.0.77. müvafiq sahəyə ayrılan büdcə vəsaiti, kreditlər, qrantlar və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.0.78. Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək;
3.0.79. Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyətini və maliyyə vəziyyətini təhlil etmək, onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təkliflər vermək və tədbirlər görmək, sosial-iqtisadi inkişaf proqnozlarını, o cümlədən gəlirlər və xərclər smetasını hazırlamaq və onların icrasına nəzarət etmək;
3.0.80. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.0.81. öz fəaliyyətində ictimaiyyətin iştirakını, özəl sektor və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı təmin etmək;
3.0.82. fəaliyyət sahəsində əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı zəruri tədbirləri hazırlamaq və həyata keçirmək;
3.0.83. müvafiq sahə üzrə işçilərin sosial vəziyyətinin və mədəni-məişət şəraitinin yaxşılaşdırılmasını təmin etmək;
3.0.84. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirmək;
3.0.85. Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq, onlara vaxtında cavab vermək və digər tədbirlər görmək;
3.0.86. Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
4. Nazirliyin hüquqları
4.0. Nazirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.0.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;
4.0.2. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.0.3. müvafiq sahə üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, metodik və analitik materiallar, habelə tövsiyələr hazırlamaq, təkliflər vermək, çatışmazlıqların həlli yollarını prioritetləşdirmək;
4.0.4. müstəqil ekspert və mütəxəssisləri, məsləhətçi təşkilatları, elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsaitlər çərçivəsində öz fəaliyyətinə cəlb etmək, ictimai əsaslarla işçi qruplar və komissiyalar yaratmaq;
4.0.5. beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin muxtar respublikada keçirilməsini təşkil etmək;
4.0.6. xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək, xarici dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və fiziki şəxslərlə danışıqların aparılmasında iştirak etmək;
4.0.7. beynəlxalq və yerli daşımaların səmərəliliyini təmin etmək məqsədilə avtovağzalların (avtostansiyaların) yaradılması, genişləndirilməsi, bağlanması və digər formada təkmilləşdirilməsi barədə təkliflərini qanunla müəyyən olunmuş qaydada təqdim etmək;
4.0.8. avtomobil nəqliyyatı sahəsində səmərəli idarəetməni təmin etmək məqsədilə müvafiq informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini, dövlət və özəl təşkilatların fəaliyyət sahələrinə uyğun informasiya sistemlərinin yaradılmasını, fəaliyyətinin tənzimlənməsini, qiymətləndirilməsini və inteqrasiyasını həyata keçirmək;
4.0.9. avtomobil nəqliyyatı qovşaqlarında yük sahibləri, operatorlar, ekspeditorlar, agentlik və digər təşkilatlarla qarşılıqlı münasibətlərin təkmilləşdirilməsinə dair təkliflər vermək;
4.0.10. avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən dövlət qurumlarından onların fəaliyyəti barədə müəyyən olunmuş qaydada məlumatlar tələb etmək və səlahiyyətləri daxilində müvafiq tədbirlər görmək;
4.0.11. beynəlxalq təcrübə nəzərə alınmaqla, muxtar respublika üzrə göstərilən avtomobil nəqliyyatı xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi və yüksəldilməsi ilə bağlı tədbirlər görmək;
4.0.12. yüksək texnologiyalar üzrə innovativ təşəbbüslərə (“start up”lara) dəstək vermək, müsabiqələr, təbliğat tədbirləri, seminar və təlimlər keçirmək;
4.0.13. fərdi məlumatların toplanması, işlənməsi və mühafizəsi ilə məşğul olan dövlət orqanlarından, hüquqi və fiziki şəxslərdən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması hallarının aradan qaldırılmasını tələb etmək, qanunun tələblərini pozmuş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti dövlət orqanları ilə birlikdə tədbirlər görmək;
4.0.14. telekommunikasiya, poçt və yüksək texnologiya sahələrində, habelə tabeliyində olan nəqliyyat qurumlarında çalışan işçiləri dövlət mükafatlarına və digər təltiflərə təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
4.0.15. dövlət qurumlarının malik olduqları informasiya sistemlərinə və ehtiyatlarına çıxış əldə etmək, dövlət qurumları tərəfindən göstərilən xidmətlərin elektron formada təşkili ilə bağlı müvafiq proqram təminatını hazırlamaq məqsədilə həmin qurumların xidmət prosesini öyrənmək və müvafiq təkliflər vermək;
4.0.16. elektron xidmətlərin və rəqəmsallaşmanın təşkili və təkmilləşdirilməsi ilə bağlı layihələrin təşəbbüsçüsü, icraçısı və ya sifarişçisi kimi çıxış etmək;
4.0.17. dövlət qurumlarında elektron xidmətlərin və rəqəmsallaşmanın təşkilində istifadə olunacaq texnologiyalar və informasiya sistemlərinin və ehtiyatlarının yaradılması zamanı onların təsdiq olunmuş layihələrə, texniki normalara, standartlara və tələblərə uyğun həyata keçirilməsinə nəzarət etmək və istismara qəbulunda bilavasitə iştirak etmək;
4.0.18. dövlət qurumlarının rəqəmsallaşma və informasiya sistemləri arasında informasiya mübadiləsinin həyata keçirilməsi məqsədilə yaradılmış infrastruktura qoşulmaları üçün dövlət qurumlarına təkliflər vermək və onların təmin edilməsinə nəzarət etmək;
4.0.19. rəqəmsallaşma, elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi ilə bağlı dövlət qurumlarının təkliflərini toplamaq, onları təhlil etmək və rəy vermək;
4.0.20. Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
5. Nazirliyin fəaliyyətinin təşkili
5.1. Nazirliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair) Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
5.2. Nazirliyin strukturunu, onun Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri müəyyən edir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5.3. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Konstitusiyasının 139-cu maddəsinin I hissəsinin 5-ci bəndinə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 5-ci bəndinə və 5-ci maddəsinin II hissəsinin 7-ci bəndinə əsasən vəzifəyə təyin və vəzifədən azad olunan nazir rəhbərlik edir. Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün nazir şəxsən məsuliyyət daşıyır.
5.4. Nazirin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. Nazir müavinləri nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
5.5. Nazir:
5.5.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Nazirliyin digər vəzifəli şəxslərinin ştat, kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;
5.5.3. Nazirliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və elmi-texniki şurasının əsasnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 5.11-ci bəndində Nazirliyin kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə qərar formasında normativ hüquqi aktlar qəbul edir;
5.5.4. Nazirliyin strukturuna daxil olan qurumların struktur bölmələrinin əsasnamələrini təsdiq edir, strukturuna daxil olmayan tabeliyindəki qurumların nizamnamələrini təsdiq edilməsi üçün təqdim edir;
5.5.5. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin Aparatının, strukturuna daxil olan qurumların, habelə strukturuna daxil olmayan tabeliyindəki qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
5.5.6. Nazirliyin Aparatının işçilərini, onun strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların (rəhbərləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən qurumlar istisna olmaqla) rəhbərlərini, rəhbərlərinin müavinlərini və digər rəhbər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
5.5.7. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Nazirlik tərəfindən qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
5.5.8. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
5.5.9. dövlət orqanları, idarə, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Nazirliyi təmsil edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində müvafiq sənədləri imzalayır;
5.5.10. Nazirliyə aid edilmiş məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar vəsaitlərin formalaşdırılması ilə bağlı təkliflər verir;
5.5.11. muxtar respublika büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir;
5.5.12. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin sərəncamçısı olaraq, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Nazirliyin struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyində olan qurumların işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;
5.5.13. Apellyasiya Şurasının sədrini, habelə Apellyasiya Şurasının sədrinin təqdimatı (təklifi) əsasında Apellyasiya Şurasının digər üzvlərini, Katibliyin rəhbərini və tərkibini təsdiq edir;
5.5.14. Nazirliyin dövlət qulluqçusu olan işçilərinə ixtisas dərəcələri verir.
5.6. Nazirliyin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.
5.7. Nazir öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə tapşıra bilər.
5.8. Nazirlikdə nazirdən (kollegiyanın sədrindən), nazirin müavinlərindən, və Nazirliyin digər rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Nazirliyin kollegiyasının tərkibinə mütəxəssislər və alimlər də daxil edilə bilərlər.
5.9. Nazirliyin kollegiyası üzvlərinin sayını və kollegiyanın tərkibini nazirin təqdimatı ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təsdiq edir.
5.10. Nazirliyin kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələlərə baxır və müvafiq qərarlar qəbul edir.
5.11. Nazirliyin kollegiyası qərar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:
5.11.1. Nazirliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktları;
5.11.2. qəbul edilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən Nazirliyə tapşırılmış konkret normativ hüquqi aktları;
5.11.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;
5.11.4. aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktları;
5.11.5. nazirin təşəbbüsü ilə Nazirliyin kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 5.5.3-cü yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktları;
5.11.6. bu Əsasnamənin 5.11.1–5.11.5-ci yarımbəndlərinə uyğun olaraq, Nazirliyin kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişikliklər edilməsi barədə normativ hüquqi aktları.
5.12. Nazirliyin kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiya sədrinin səsi həlledici hesab edilir.
5.13. Nazirliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda nazir bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Nazirliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
5.14. Nazirliyin kollegiyasının iclaslarına digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri də dəvət edilə bilərlər.
5.15. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Nazirlikdə ictimai əsaslarla fəaliyyət göstərən elmi-texniki şura, internetin inkişafı şurası və digər ictimai şuralar yaradıla bilər.