Elon Musk-ın vermiş olduğu məlumata əsasən X-də (keçmiş Twitter) yaxın zamanda audio və videozənglər imkanı istifadəyə veriləcək. Şirkət istifadəçilərə mətn formatında mesajlaşma imkanından əlavə zəng etmə imkanını da təqdim etməklə sosial platformanın funksionallığını genişləndirməyi hədəfləyib. Musk bildirib ki, audio və videozənglər funksiyası yaxın zamanda X-in macOS, Windows, Android və iOS istifadəçiləri üçün aktiv olacaq. Bununla belə zəngi reallaşdırmaq üçün telefon nömrəsinə belə ehtiyac olmayacaq. Audio və videozənglər funksiyasının X-də dəqiq şəkildə nə zaman istifadəyə veriləcəyi barəsində məlumat verilməyib. Bununla yanaşı bu imkandan bütün X istifadəçilərinin və ya yalnız aylıq abunəlikdən istifadə edən istifadəçilərin yararlana biləcəkləri də aydın deyil.