Keçən ay Nyu-Yorkda baş tutmuş Citi 2023 Global Technology Conference adlı konfrans çərçivəsində lntel şirkətinin direktoru Dave Zinsner öz çıxışı zamanı bildirmişdi ki, Intel 2024-cü ildə yüksək maliyyə göstəricilərinin olacağını gözləyir. Lakin bu bəyanatın maraqlı tərəfi ondadır ki, Intel direktoru şirkətin yüksək maliyyə göstəricilərini Microsoft-un gələn il üçün planlaşdırdığı hansısa böyük yenilənmə ilə əlaqələndirir.
"Biz hesab edirik ki, 2024-cü il müştərilər üçün çox yaxşı bir il olacaq və bunda əsas rollardan birini Windows yenilənməsi oynayacaq. Biz həmişə olduğu kimi düşünürük ki, qurulmuş baza olduqca köhnədir və yenilənməyə ehtiyac duyur. Bizim fikrimizcə Windows əməliyyat sisteminin stimullaşdırıcı rolunu nəzərə alaraq növbəti il bu yenilənmə prosesinin başlanğıcı ola bilər" - deyə Intel direktoru öz çıxışı çərçivəsində qeyd edib.
Artıq məlumdur ki, bugündən etibarən Microsoft şirkəti Windows 11-in 21H2 nömrəli versiyasının dəstəyini dayandırır. Bu isə texniki nöqteyi nəzərdən şirkətə növbəti Windows versiyasının hazırlanmasına köklənmək imkanını verəcək. Windows 12-nin dəqiq şəkildə 2024-cü ildə işıq üzü görəcəyini söyləmək çətindir. Lakin digər tərəfdən Intel direktorunun bəyanatını başqa cür başa düşmək də mümkün deyil.