Microsoft Windows 11 üçün nəzərdə tutulmuş bir neçə yeni funksiyanı test etməyə başlayıb. Test olunan bütün funksiyalar süni zəka alqoritmlərinə əsaslanırlar və digər servislərdən kopyalanıblar. Söhbət, əsasən foto və mətnlərlə çalışmaq üçün nəzərdə tutulmuş funksiyalardan gedir. İnsayderlərin sözlərinə əsasən şirkət süni zəka əsaslı funksiyaları Windows 11-in minimum 4 sistem tətbiqinə inteqrasiya edəcək. Photos, Paint, Camera və Snipping Tool.
Məlumatda qeyd edilib ki, Photos tətbiqi yeni funksiya vasitəsilə bu və ya digər fotoda əks olunmuş obyeki arxa fondan ayıraraq onu məlumatların mübadiləsi buferinə kopyalamağa imkan verəcək. Paint tətbiqində mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi funksiyası gözlənilir. Camera və Snipping Tool isə hər hansısa fotoda mətnləri təyin edərək onları standart formata köçürmək imkanına sahib olacaqlar. Sözügedən funksiyaların nə zaman istifadəyə veriləcəyi bilinmir. Lakin qeyd etmək lazımdır ki, gələn ayın sonuna yaxın Microsoft növbəti təqdimat tədbirini keçirəcək və bəzi məlumatlara əsasən tədbirin əsas mövzusu süni zəka olacaq. Heç istisna deyil ki, şirkət bu yeni imkanlar barəsində ətraflı məlumatları məhz həmin təqdimat tədbirində versin.