İnsayderlər Windows 11-in test versiyasında maraqlı yeniliyi aşkar ediblər. Söhbət, enerjiyə qənaət rejimindən gedir. Lakin sözügedən rejimin əsas fərqləndirici tərəfi ondadır ki, o həm noutbuklar həm də desktop kompüterlər üçün nəzərdə tutulub. Microsoft tərtibatçıları sözügedən yeni rejimin əsas məğzi barəsində məlumat veriblər. Beləliklə onların sözlərinə əsasən yeni enerjiyə qənaət rejimi ilk növbədə noutbuklarda batareyaların uzun müddət ərzində çalışmaları üçün nəzərdə tutulub. Bununla belə bu rejimdən desktop kompüterlərin istifadəçiləri də faydalana bilərlər. Desktop kompüter istifadəçiləri halında bu rejim kompüter performansının müəyyən səviyyədə aşağı endirilməsi vasitəsilə kommunal xərclərin azaldılmasına yardımçı olacaq. Enerjiyə qənaət rejiminin stabil Windows 11-də nə zaman istifadəyə veriləcəyi bilinmir.