Kanallar funksiyası qlobal miqyasda Whatsapp-da istifadəyə verilib. Bu, messencer daxilində məlumatların istifadəçilərə yeni çatdırılma üsuludur. Qeyd etmək lazımdır ki, Whatsapp-ın rəqibi olan Telegram artıq uzun illərdir ki, kanallar funksiyasını özündə birləşdirir. Beləliklə Whatsapp çərçivəsində istifadəçilər kanallara abunə ola, kanallardakı paylaşımları çat vasitəsilə öz tanışlarına göndərə və kanalları əhatə edən kataloqda lazımi kanalların axtarışını reallaşdıra biləcəklər. Məlumatda qeyd edilib ki, Whatsapp üçün kanallar imkanının hazırlanması çərçivəsində messencer tərtibatçılarının əsas məqsədləri konfidensiallığın yüksək səviyyədə qorunması olub.
Buna görə də kanallar adi çatlardan ayrılıb. Bu həmçinin istifadəçinin abunə olduğu hansısa kanalın abunəçilərinin istifadəçinin abunə olduğu digər kanalları görməmələri üçün edilib. Messencer daxilində həmçinin kanallardan təşkil edilmiş kataloq da mövcuddur. Sözügedən kataloq istifadəçinin yaşadığı ölkə üzrə avtomatik filtrdən keçir. Həmçinin kanalları ən aktual, ən məşhur, ən aktiv və abunəçilərin sayı kriteriyaları üzrə filtrləmək mümkündür. Kanalların özlərində emojilərin göndərilməsi və istənilən paylaşımın yığdığı reaksiya sayına baxış imkanlarını birləşdirirlər.
Faktiki olaraq bütün bu özəlliklər Telegram-dakı kanallarda da mövcuddur. Sadəcə Whatsapp-dan fərqli olaraq Telegram öz platforması çərçivəsində kanalları 2015-ci ildə istifadəyə vermişdi. Telegram kanallarında olduğu kimi Whatsapp kanallarında da müəlliflər mətnləri, fotoları, videoları, stikerləri paylaşa və sorğular keçirdə biləcəklər. Kanalların adminləri hər hansısa paylaşımı paylaşılan andan sonrakı 30 gün ərzində redaktə edə bilərlər. Yaxın aylar ərzində Whatsapp daxilində kanalların yaradılması funksiyası hər bir istifadəçi üçün aktiv olmalıdır.