WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp komandası messencerdə yeni faydalı funksiyanın istifadəyə verildiyini elan edib. İstifadəyə verilmiş yeni funksiya səsli mesajları sevməyən istifadəçilər üçün əla fürsətdir. Söhbət, səsli mesajların mətn formatına çevrilməsi funksiyasından gedir. Funksiya Voice message transcripts adlanır. Qeyd etmək lazımdır ki, oxşar funksiya artıq müəyyən müddət ərzində Telegram-da mövcuddur. Lakin Telegram-da funksiyadan yararlanmaq üçün Telegram Premium abunəliyinə sahib olmaq lazımdır.
WhatsApp-da isə bu imkan tamamilə pulsuz təklif edilir. WhatsApp komandası bildirib ki, funksiyadan istifadə zamanı səsli mesajın mətn formatına çevrilməsi prosesi bulud serverdə deyil, cihazın özündə baş verir. Buna görə də mesajın tərkib hissəsi cihazdan kənara çıxa bilmir. Funksiyanı messencerdəki çatlarla bağlı ayarlarda aktivləşdirmək olar. Məlumata əsasən funksiya yaxın həftələr ərzində hamıda aktiv olacaq. Funksiyanın dəstəkləyəcəkləri dillərin sayı isə növbəti aylarda artacaq.