Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında “Heydər Əliyev kuboku” uğrunda futzal turnirinə start verilib.
İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan birincilik uğrunda oyunda püşkatmaya əsasən Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi A qrupunda çıxış edir. Nazirliyin rəqibləri Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman və Ədliyyə nazirlikləridir. “Rabitəçi” komandası ilk turda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komandası ilə qarşılaşıb və 8:5 hesabı ilə qələbə qazanıb.
İyun ayının 3-də keçiriləcək ikinci tur Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi arasında baş tutacaqdır.
Qeyd edək ki, futzal yarışı Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Futbol Federasiyası və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə keçirilir. Kollektivlər iki qrupda mübarizə aparacaq. Hər qrupdan ən yaxşı göstəriciyə malik iki komanda pley-ofa adlayacaq. Birincilikdə I, II, III yerləri tutmuş komandalar təşkilatçılar tərəfindən diplom, medal və kuboklarla mükafatlandırılacaqlar.