Vaxtı ikən Tesla-nın təqdim etmiş olduğu Tesla Cybertruck adlı elektrikli pikap öz ətrafında çoxlu sayda səs-küy yaratmışdı. Təqdimat 2019-cu ildə baş tutmuşdu. Şirkət öz yeni elektromobilini ilk əvvəl 2021-ci ildə satışa çıxartmağı planlaşdırırdı. Lakin sonra satışların startı 2022-ci ilə və ondan sonra bu ilə təxirə salındı. İndi isə məlum olub ki, şirkət kommersiya məqsədli ilk Cybertruck-ın istehsalını yekunlaşdırıb.
Cybertruck-ın kommersiya məqsədli ilk versiyası Tesla şirkətinin Texas ştatında yerləşən Giga Factory zavodunda istehsal edilib. Bu münasibətlə şirkət elektromobilin zavod işçiləri ilə birgə fotosunu öz Twitter hesabında da paylaşıb. Elektromobilin kommersiya məqsədli ilk versiyasının hazırlanması o deməkdir ki, şirkət Cybertruck-ın kütləvi istehsalına start verməyə hazırlaşır. Hıələ bir neçə müddət bundan öncə Elon Musk kütləvi istehsala bu ilin yay fəslində start veriləcəyinə söz vermişdi. Görünür, bu dəfə Musk öz sözünü tuta biləcək.