Süni zəka qlobal miqyasda bir ölkə qədər elektrik enerjisi sərf edir
Süni zəka müasir insanın həyat fəaliyyətinin bir çox aspektlərini sadələşdirmək potensialına sahibdir. Lakin onun aktiv şəkildə müxtəlif sahələrə inteqrasiyası elektrik enerjisinin tələbatının yüksəlməsinə səbəb ola bilər. Yaxın gələcəkdə qlobal süni zəka infrastrukturu bir ölkənin sərf etdiyi elektrik enerjisi qədər enerjiyə ehtiyac duya bilər. Bu cür nəticəyə Amsterdam Müstəqil Universitetinin aspirantı Alex de Vries gəlib. Artıq 1 ilə yaxındır ki, süni zəka sahəsi aktiv inkişaf mərhələsinə keçid edib. Bu proses OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botunun istifadəyə verilməsinə səbəb olub. ChatGPT-nin əsasında yerləşən neyron şəbəkələri kimi sistemlərin təlimatlandırılması böyük həcmdə enerji tələb edən bir prosesdir. Böyük dil modellərinin yaradılması ilə məşğul olan Hugging Face şirkəti bildirib ki, onun platformasının təlimatlandırılması üçün 433 meqavatt saat elektrik enerjisi tələb olunub. Bu, ABŞ-ın ortalama 40 ədəd ailəsinin il ərzində sərf etdiyi elektrik enerjisi miqdarıdır. Daha qlobal layihə hesab edilən ChatGPT isə hər gün 564 meqavatt saat elektrik enerjisi sərf edir.
Bu problemdən çıxış yolunun olmadığı görünür. Süni zəka sahəsində fəaliyyət göstərən bütün şirkətlər öz sistemlərinin həm hardware həm də software tərəflərinin effektivliklərini yüksəltməklə məşğuldurlar. Bu üsul ilə onlar öz sistemlərinin enerji sərfiyyatlarını aşağı salmağa çalışırlar. Lakin bu sistemlərin effektivliklərinin yüksəldilməsi öz növbəsində süni zəka xidmətlərinə tələbatı artıracaq. Bu isə öz növbəsində enerji resursunun istifadəsini daha da qaldıracaq. Bu mövzuda əsas narahatlığı böyük layhihələr göstərirlər. Google gün ərzində 9 milyard axtarış sorğusunu emal edir.
Əgər hər bir Google axtarış sorğusu üçün süni zəka istifadə edilsəydi, bu proses il ərzində 29.2 teravatt saat elektrik enerjisinin sərfiyyatını tələb edərdi. Bu qədər elektrik enerjisini il ərzində İrlandiya sərf edir. Yaxın zamanda belə bir problem olmasa da, süni zəka serverləri elektrik enerjisi tələbatlarını getdikcə artıracaqlar. 2027-ci ilə kimi bu göstərici il ərzində 85-134 teravatt saat elektrik enerjisinə çata bilər. Bu isə Argentina, Hollandiya və İsveçin illik elektrik enerjisi sərfiyyatına yaxındır.