Mayın 26-da Naxçıvan Dövlət Universitetində keçirilən konfransda ilkin olaraq universitetin Memarlıq və mühəndislik fakültəsinin tələbələrinin süni intellekt proqramı ilə hazırlanan yaradıcılıq nümunələrindən ibarət səgiyə baxış olub. Sərgidə moderator robot “Banu”, radio siqnal ilə idərə olunan robot qol, müasir gömrük sistemi, CNC printer– lazer, hərbi sənaye üçün müdafiə sistemi, rəssam printer, ağıllı ev, ağıllı şəhər, NDU üçun prototip tramvay, ağıllı dayanacaq, ağıllı avtomobil dayanacaqları, ağıllı eynək, süni intellekt modeli– proqram, tullantı qablardan flament istehsal edən qurğu nümayiş olunub.
“Süni intellekt: nəzəriyyədən praktikaya” II Beynəlxalq Elmi konfrans süni intellekt sistemlərinin müxtəlif sahələrdə tətbiqi ilə bağlı videoçarxın izlənilməsi ilə başlanıb. Naxçıvan Dövlət Universiteti, ARETN İdarəetmə Sistemləri İnstitutu, Türkiyənin İstanbul Universiteti – Cərrahpaşa, Düzce Universiteti, Gümüşhane Universiteti, Rusiyanın “Cənub” Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.
Konfrans ilk robot moderator qadın "Banu"nun təqdimatında baş tutub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev iştirakçıları açılış nitqi ilə salamlayıb, qeyd edib ki, süni intellekt ilə bağlı maarifləndirmə işində ali təhsil müəssisələrinin də qarşısında mühüm vəzifələr dayanır. Bu mənada konfrans tədqiqatçılar üçün bilik və təcrübə mübadiləsi imkanı yaratmaqla yanaşı, eyni zamanda yeni tədqiqat istiqamətlərinin təməlini qoymaq üçün də əhəmiyyətli bir platformadır.
Konfransda Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov çıxış edərək, bildirib ki, Naxçıvan Dövlət Universiteti süni intellekt sahəsində məqsədyönlü fəaliyyətlər həyata keçirir. Universitet nazirlik ilə sıx əməkdaşlıq edir, tələbələrinə yeni təcrübələr qazandırır. Sərgi və konfrans da öz növbəsində süni intellektin yeni idarəetmə, yeni baxış modelini zəngin proqramı ilə ictimailəşdirir və maariflənmədə xüsusi rol oynayır.
Sonra konfransın gündəliyinə uyğun olaraq çıxışlar təqdim olunub.
Çıxışlardan sonra rektor Elbrus İsayev konfransın təşkilində əməyi olan əməkdaşlara təşəkkürnamələr, həmçinin tərəfdaşlara göstərdiyi dəstəyə görə hədiyyələr təqdim edib.
Qeyd edək ki, açılış tədbirindən sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.