Stability AI şirkəti Stable Audio adlı yeni süni zəka platformasını istifadəyə verib. Sözügedən platforma mətnli təsvirlər əsasında musiqilərin tərtib edilməsi üçün nəzərdə tutulub. Stable Audio şirkətin digər platforması olan Stable Diffusion-da olan süni zəka üsulları əsasında çalışır. İdeyanın məğzi çox sadədir. Siz musiqini və ya audionu mətn şəklində təsvir edirsiniz və sistem avtomatik olaraq təsviri musiqiyə çevirir. Stable Audio-nun kökü Stability AI şirkətinin Harmonai adlı tədqiqat studiyasına dayanır. Sözügedən tədqiqat studiyası məhz musiqilərin yaradılması istiqamətində fəaliyyət göstərir.
Məlumatda qeyd edilib ki, Stable Audio özündə 1.2 milyard parametri birləşdirir. Daha yüksək keyfiyyətli nəticənin əldə olunması üçün Stable Audio birbaşa emal edilməmiş audio nümunələr ilə çalışır. Bu sistem AudioSparks adlı kitabxananın lisenziyalı musiqilərinin 800 000 ədəd fraqmenti əsasında təlimatlandırılıb. Stable Audio həm pulsuz şəkildə həm də aylıq ödənişli abunəlik şəklində təqdim olunur. Sistemin pulsuz versiyasında ay ərzində 20 ədəd musiqi tərtib etmək mümkündür. Ödənişli versiyada isə bu limit 500-ə yüksəlir. Bundan əlavə olaraq ödənişli versiya vasitəsilə tərtib edilən musiqilər kommersiya məqsədlərində istifadə edilə bilər.