Sosial məsuliyyətin yeni erası
Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən növbəti seminar 01 fevral 2024-cü il tarixdə Şərur rayonunda keçirilib.
“İKT və Rəqəmsallaşmada sosial məsuliyyət" mövzusunda keçirilən seminarda Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli çıxış edərək bildirib ki, İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) və rəqəmsallaşma ümumilikdə cəmiyyət üçün mühüm imkanlar açır. Muxtar respublikada da rəqəmsallaşma və İKT sahəsində müvafiq yeni infrastruktur quruculuğu, mövcud infrastrukturun müasirləşdirilməsi və yeni texnologiyaların tətbiqi istiqamətində müvafiq tədbirlər həyata keçirilməkdədir.
Seminarın əhəmiyyətinə toxunaraq o da vurğulanıb ki, rəqəmsallaşma dövlət qurumlarında baş verən proseslərin səmərəliliyi ilə yanaşı, həmçinin təhlükəsizlik və etibarlılıq daxil olmaqla bir sıra üstünlüklərə malikdir.
Seminar sual-cavab sessiyası ilə davam edib.
Qeyd edək ki, seminarda rayonun dövlət qurumlarında İKT sahəsinə məsul şəxslər iştirak ediblər.