Şəhərsalma və Memarlıq İli üzrə koordinasiya görüşü keçirilib
Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamına əsasən 2026-cı il ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bununla əlaqədar 30 yanvar 2026-cı il tarixində təsdiq olunmuş Tədbirlər Planının icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində aidiyyəti qurumların məsul şəxsləri ilə görüş keçirilib. Diqqətə çatdırılıb ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində nəzərdə tutulan tədbirlər ölkədə, o cümlədən muxtar respublikada həyata keçirilən genişmiqyaslı rəqəmsallaşma strategiyasının bir hissəsidir. Bununla əlaqədar görüşdə muxtar respublikada planlaşdırılan layihələrin icra mexanizmləri, şəhərsalma və memarlıq sahəsində prioritet istiqamətlər, eləcə də həyata keçiriləcək infrastruktur və abadlıq işlərinin koordinasiyası geniş müzakirə olunub.
İştirakçılar müxtəlif istiqamətlərdə rəqəmsallaşma strategiyasının həyata keçirilməsi ilə bağlı qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrası üçün qurumlararası əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, həyata keçiriləcək tədbirlərin monitorinqi və qiymətləndirilməsi mexanizmləri barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda məsul şəxslərə rəqəmsallaşma ilə bağlı tövsiyələr verilib və qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.