Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikada rəqəmsal infrastrukturu inkişaf etdirmək, telekommunikasiya xidmətlərini genişləndirmək və sakinlərə daha müasir, təkmil və effektiv rabitə, internet, poçt və nəqliyyat xidmətləri təqdim etmək əsas prioritet olmaqla sakinlərin müasir rabitə, internet, poçt və nəqliyyat xidmətləri ilə əhatə olunması üçün ardıcıl tədbirlər həyata keçirilib.
Ötən il ərzində Sədərək-Naxçıvan-Ordubad və Naxçıvan-Şahbuz istiqamətində yeni fiber-optik magistral şəbəkənin yaradılmasının birinci mərhələsi başa çatdırılıb, 350 km -dən artıq fiber-optik xətt çəkilib.
Həmçinin, bir sıra avtomat telefon stansiyalarına avadanlıqlar quraşdırılıb ki, nəticədə 2700 və ya 2023-cü illə müqayisədə 3 dəfədən artıq abonentin internetə olan tələbatının ödənilməsi üçün şərait yaranıb.
Bunlarla yanaşı, ötən il bütün rayonlarda vətəndaşlarla görüşlər keçirilib, Sədərək rayonunda da vətəndaşlarla görüşlər və nəqliyyat sahəsində keçirilmiş monitorinqlərin təhlilləri nəticəsində Sədərək rayonunda bütün magistral rabitə infrastrukturu yenilənib, yeni kabellər çəkilib, sakinlərə ənənəvi poçt xidmətləri göstərilib, Türkiyə Respublikası ilə sərhədin Sədərək-Dilucu arasındakı hissəsində vətəndaşların nəqliyyat vasitəsi ilə daşınması zərurəti qeydə alınaraq vətəndaşların rahatlığının təmin olunması məqsədilə sözügedən ərazidə yeni marşrut istifadəyə verilib.
Həyata keçirilən tədbirlərin davamı olaraq 2025-ci ilin fevral ayının 26-da Nazirliyin Aparatının və tabeli qurumlarının əməkdaşları tərəfindən növbəti dəfə Sədərək rayonunda vətəndaşlarla görüş keçirilib. Keçirilən qəbulda vətəndaşların rabitə, internet və nəqliyyat sahəsi üzrə müraciətləri dinlənilib.
Qeyd edək ki, səsləndirilən müraciətlərin yerində araşdırılması və aradan qaldırılması üçün Nazirliyin əməkdaşları tərəfindən mütəmadi monitorinqlər həyata keçirilir.