Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi, o cümlədən hazırlanmış internet saytlarının təhlükəsizlik (SSL-Secure Sockets Layer) sertifikatı ilə təmin olunması istiqamətində zəruri texniki tədbirlər davam etdirilir.
Belə ki, dövlət orqanlarına məxsus internet saytlarının təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı monitorinqlər həyata keçirilib. Aparılan monitorinqlərin nəticələrinə əsasən yenilənmiş veb-saytların 68.2 faizi təhlükəsizlik sertifikatı ilə təmin edilib.
Qurumların nəzərinə çatdırılır ki, rəsmi internet səhifələrinin təhlükəsizliyini təmin etmək və daxil olan hücumların qarşısını almaq məqsədilə veb-saytlarının təhlükəsizlik sertifikatı ilə təmin olunmasını diqqətdə saxlasınlar.