Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti özünün Apple Vision Pro analoqu üzərində çalışır. İndi isə insayderlər Samsung-un qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının potensial təqdimat müddətini və unikal özəlliyi barəsində məlumatı təqdim ediblər. İnsayderlərin sözlərinə əsasən Samsung mühəndisləri MR cihazın hazırlanması prosesində Apple Vision Pro-dan ilhamlanıblar. Lakin bununla belə Samsung-un MR cihazı bir unikal özəlliyə sahib olacaq.
Qeyd etmək lazımdır ki, Samsung-un MR cihazının sahib olacağı unikal özəlliyin təsviri tam aydın şəkildə formalaşdırılmayıb. Lakin insayderlərin fikirlərinə əsasən söhbət, qoxuların tanınması sensorundan və ya qoxuların xüsusi aerozollar vasitəsilə imitasiyasından gedir. Məlumatda qeyd edilib ki, şirkətin MR cihaz texnologiyası 5 oktyabr tarixində baş tutacaq Samsung LSI Day adlı tədbirdə təqdim ediləcək. İnsayderlər həmçinin bildiriblər ki, MR cihaz sensorlu idarəetmə panellərini və 3000 ppi göstəricidə piksel sıxlığına sahib ekranları əldə edəcək.