Samsung tərəfindən təqdim edilmiş Biometric Card IC yüksək səviyyəli təhlükəsizliyə sahib yeni nəsil ödəniş kartıdır. Sözügedən karta NFC çip ilə yanaşı barmaq izi skanı texnologiyası və xüsusi təhlükəsizlik prosessoru inteqrasiya edilib. Samsung Biometric Card IC vasitəsilə istifadəçilər PIN kodun istifadəsi prosesini unuda bilərlər. Belə ki, sözügedən kart vasitəsilə tranzaksiyaların reallaşdırılması üçün barmaq izinin skan edilməsi tələb edilir. Məlumatda qeyd edilib ki, bu ödəniş kartı daxilində 3 ədəd barmaq izini saxlamaq mümkündür.
Barmaq izləri bilavasitə kart daxilində yerləşirlər və şifrələnmə texnologiyası vasitəsilə qorunurlar. Hətta kart vasitəsilə tranzaksiyaların yerinə yetirilməsi zamanı barmaq izləri heç yerə ötürülmür. Ödəniş kartının məxsus olduğu maliyyə təşkilatı belə istifadəçinin bu biometrik məlumatını əldə edə bilməz. Samsung bildirib ki, Biometric Card IC banklar və maliyyə təşkilatları üçün biometrik kartların hazırlanması ilə istifadəçilər arasında istifadəyə verilməsi prosesini sadələşdirir. Samsung bu cür kartın nə zaman və ilk olaraq hansı ölkələrdə istifadəyə veriləcəyi barəsində məlumat verməyib.