Bu dəfə sağlamlığınızı yoxlaya bilən Anura MagicMirror adlı ağıllı güzgü təqdim edilib. Belə ki, CES 2024 sərgisində təqdim edilən innovativ güzgü artıq fantastika filmlərində gördüklərimizi reallaşdırır. Yeni təqdim edilən ağıllı güzgü insanların həyati əlamətlərini yoxlamaq, onların xəstəlik risklərini qiymətləndirmək kimi bir çox yenilikçi funksiyaya sahib olub. Həmçinin bir çox sensorlar, kameralar ilə təchiz edilən bu güzgü sağlamlığınızı yoxlayarkən süni intellektdən də kömək alır.
21.5 düymlük Anura MagicMirror qarşılaşdığı və ya qarşısında dayanan insanı 30 saniyə kimi qısa vaxt ərzində skan edir. Məhz bu 30 saniyə ərzində güzgü üzdəki qan axınını izləmək üçün patentləşdirilmiş Transdermal Optik Görüntüləmə texnologiyasından istifadə edir. Sensorlar və kameralar vasitəsi ilə topladığı digər məlumatlardan istifadə edərək yekunda 100 fərqli sağlamlıq xüsusiyyətini bizlərə açıqlayır. Belə ki, ağıllı güzgü bizə qan təzyiqi, BMI, ürək ritmi, nəbz dərəcəsi, tənəffüs dərəcəsi, üz dərisinin yaşı da daxil olmaqla bir çox lazımı məlumatı təqdim edə bilir.
Diabet, ürək-damar xəstəlikləri, insult, hipertoniya, qaraciyər xəstəliyi və daha çox risk qiymətləndirmələri ilə yanaşı, ruhi stress və depressiya kimi risk qiymətləndirmələrini də təmin edə biləcəyi açıqlanan ağıllı güzgünün hələlik satış qiyməti açıqlanmayıb. Ümumiyyətlə yeni təqdim edilən ağıllı güzgü sərginin ən çox diqqət çəkən cihazlarından biri oldu. Əgər həqiqətən də iddia edilən məlumatları tam dəqiqliklə təqdim edə bilsə bu ağıllı güzgü yaxın gələcəyin ən innovativ yeniliyi adını qazana bilər.