Şərur Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş "Kibertəhlükəsizliyin əsas prinsipləri" mövzusunda "Cyber Bootcamp" layihəsinə start verilib. Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, o cümlədən Naxçıvan Dövlət Universiteti, Tələbə Həmkarlar İttifaqı Komitəsi və Kapital Bankın birgə təşkilatçılığı ilə reallaşan düşərgədə ali və orta ixtisas təshili müəssisələrinin tələbələri iştirak edir.
Açılış mərasimində Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Rahid Ələkbərli, həmçinin aidiyyatı təşkilatların rəhbər və nümayəndələri, sahə mütəxəssisləri düşərgənin mövzusu, əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, ölkəmizdə savadlı, intellektli, vətənpərvər gənclik modeli formalaşıb və onlar ən müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir, Vətənə, xalqa, dövlətçiliyə ləyaqətlə xidmət edirlər.
Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Rahid Ələkbərli çıxışı zamanı vurğulayıb ki, bütün dünya üçün aktual olan kibertəhlükəsizlik sahəsinə Azərbaycanda da xüsusi önəm verilir. Ölkəmizdə kritik informasiya infrastrukturunun və onun tərkibinə daxil olan informasiya sistemlərinin, informasiya-kommunikasiya şəbəkələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təhlükəsizliyinin gücləndirilməsinə dair Cənab Prezidentin imzaladığı müvafiq Fərmanı ilə bu sahədə mühüm addımlar atılıb, uğurlar qazanılıb.
Rahid Ələkbərli tərəfindən "Cyber Bootcamp" layihəsi çərçivəsində təşkil olunan master-klassda tələbələrə kibertəhlükəsizliyin sirləri öyrədilib. Kibertəhlükəsizlik sahəsində gənclərin fikir və təklifləri dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.
Digər çıxış edənlər muxtar respublikada olan tələbələrin, gənclərin kibertəhlükəsizlik sahəsində özlərini təkmilləşdirməsində bu tip tədbirlərin əhəmiyyətini önə çəkib, adıçəkilən layihənin yeni kadrların hazırlığı baxımından effektiv olacağına inamlarını ifadə ediblər..
Üç gün davam edəcək düşərgənin proqramında iştirakçılara tanınmış mütəxəssislər tərəfindən kibertəhlükəsizlik mühəndisliyi, sosial şəbəkələrdə informasiya təhlükəsizliyi, kibertəhlükəsizliyin hüquqi aspektləri və digər məsələrlə bağlı təlimlərin keçirilməsi, intellektual oyun, simulyasiya və film nümayişi kimi fəaliyyətlərin icrası nəzərdə tutulub.