İyulun 18-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli muxtar respublikada səfərdə olan BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Səlahiyyətli nümayəndə qonağı Naxçıvanda salamlamaqdan məmnunluğunu ifadə edərək hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətlərindən və bu çərçivədə reallaşdırılan geniş layihələrdən söz açıb. Bildirib ki, bölgədə mühüm logistik mərkəz olan Naxçıvanın böyük “yaşıl enerji” potensialı var və bu potensialdan səmərəli istifadə olunması istiqamətində mühüm addımlar atılır. Qlobal iqlim dəyişikliyi fonunda görülən işlərdən danışan Fuad Nəcəfli qeyd edib ki, bu il yağıntıların bol olması bu sahədə problemləri kəskin azaldıb.
Bununla belə növbəti illərdə bu cür problemlərin yaşanmaması üçün su ehtiyatlarından səmərəli istifadə və mütərəqqi suvarma mexanizmləri hazırlanır. Səlahiyyətli nümayəndə turizmin təbliği və təşviqi istiqamətində birgə əməkdaşlığın zəruriliyini xüsusi vurğulayıb.
Səmimi qəbula görə təşəkkür edən BMT-nin İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo 2023-cü ildə reallaşdırılan və Azərbaycanın milli inkişaf məqsədlərinə töhfə verən proqramların icrasından bəhs edib. O vurğulayıb ki, enerji və ətraf mühit, gender və gənclərin inklüzivliyi, keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışı, turizm, tibbi təchizat, kənd təsərrüfatı, həmçinin effektiv idarəetmə və məşğulluğun yaradılması sahələrində fəaliyyət diqqət mərkəzindədir.
Bu prosesdə blokada şəraitində və mühüm strateji mövqedə yerləşən Naxçıvan səfəri xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilib ki, iqlim dəyişikliyi, kənd təsərrüfatının inkişafı, minatəmizləmə, işğaldan azad edilmiş ərazilərdə əhalinin İKT sahəsində çalışması və rəqəmsallaşma, dövlət qulluqçularının bilik və bacarıqlarının artırılması kimi məsələlər də əsas fəaliyyət istiqamətləri sırasındadır. Bu sahədə təşəbbüs və təkliflərin müzakirəsinə ehtiyac olduğunu vurğulayan Alessandra Rokkasalvo Naxçıvanın iqlim dəyişikliyinə daha çox məruz qaldığına və bu sahədə birgə fəaliyyətin əhəmiyyətinə toxunub.
Görüşdə Zəngəzur dəhlizinin bölgənin inkişafındakı xüsusi əhəmiyyəti vurğulanıb, qarşıdakı illər ərzində Birləşmiş Millətlər Təşkilatının muxtar respublika ilə əlaqələrinin çox məhsuldar olacağına və burada həyata keçirilən proqramların uğurla nəticələnəcəyinə inam, əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə edilib, qarşılıqlı maraqdoğuran digər məsələlər müzakirə edilib.
Sonda xatirə fotosu çəkdirilib.