Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində 11 aprel 2025-ci il tarixində “Rəqəmsal naviqasiya və ağıllı parkinq sistemləri” mövzusunda vebinar keçirilib.
Vebinarda Nazirliyin Aparatının və tabeli qurumlarının əməkdaşları iştirakı edib. Mövzu barəsində Nazirliyin Aparatının Texnoloji inkişaf, nəqliyyat və poçt şöbəsinin əməkdaşı Zeynəb Hüseynova slaydlar vasitəsilə ətraflı məlumatlar verib. Bildirilib ki, rəqəmsal naviqasiya sistemləri coğrafi mövqeləri müəyyənləşdirmək, daha dəqiq yol istiqamətləri, yol təhlükəsizliyinin artırılması və yol tapmaq üçün istifadə edilən texnologiyalardır. Bu sistemlərdən istifadə etməklə istənilən seçilən ünvanı ən sürətli və optimal marşrut üzrə müəyyən etmək mümkündür. Naviqasiya sistemi regionlar üzrə ünvan axtarışı, tapılması, qısa zamanda və qısa marşrutla bir ünvandan digər ünvana bütün alternativ yolları göstərmək imkanlarına malikdir. Rəqəmsal naviqasiya sistemlərinin tətbiqi sahələri çox genişdir və ictimai nəqliyyatdan tutmuş, yük daşımalarına, aviasiya və hərbi sahələrə qədər müxtəlif sahələrdə istifadə olunur.
Həmçinin vurğulanıb ki, ağıllı parkinq sistemləri müasir parkinq idarəetməsi üçün rahat və effektiv həll yoludur. Belə ki, ağıllı parkinq sistemləri parkinq əməliyyatlarını optimallaşdırmağa və tıxacları azaltmağa imkan verir.
Vebinar interaktiv şəkildə davam edib, əməkdaşların mövzu barəsində rəy və fikirləri öyrənilib, suallar cavablandırılıb.