"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

RƏQƏMSAL RİSKLƏRDƏN MÜDAFİƏ ÜSULLARI MÖVZUSUNDA VEBİNAR KEÇİRİLİB

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Defscope” Məhdud Məsuliyyətli Cəmiyyəti və onun tərəfdaşı SOCRadar şirkəti ilə birlikdə nazirliyin aparatının və tabeli qurumlarının mühəndisləri və hamiliyə verilmiş aid ixtisasların tələbələri üçün “Rəqəmsal risklərdən müdafiə üsulları” mövzusunda vebinar keçirilib.
Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimaliyev çıxış edərək bildirib ki, nazirlik tərəfindən ixtisaslı kadrların hazırlanması istiqamətində müvafiq tədbirlər görülür. Bu məqsədlə onlayn kurslar, təlim və vebinarlar keçirilir, müvafiq peşə ixtisasına malik olmayan əməkdaşların ixtisasartırma kurslarına cəlbi təşkil olunur. Nazir sonra vebinarın mövzusunun əhəmiyyətinə toxunaraq bildirib ki, dünya sürətlə rəqəmsallaşır və vətəndaşlar rəqəmsal texnologiyalardan hər gün getdikcə daha çox istifadə edirlər. Texnoloji inkişafın sürətlənməsi, müasir texnologiyalardan bu qədər asılılıq istər-istəməz böyük risklər yaradır. Keçirilən  vebinardakı  mövzular da bu cəhətdən mühüm əhəmiyyət kəsb edir.  
Vebinarda “Defscope” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru, Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “Sirius Computer Solutions” şirkətinin aparıcı məsləhətçisi, INSECO İnformasiya Təhlükəsizliyi Təşkilatı İctimai Birliyinin həmtəsisçisi Vüsal Salmanlı rəqəmsal risklərin bu günün texnologiya dünyasında hər kəs üçün prioritet olduğunu vurğulayıb və bu cür risklərdən qorunmaq üçün təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirib.  
Sonra “Defscope” Məhdud Məsuliyyətli Cəmiyyətinin təlimçisi Asif Hümbətovun, SOCRadar şirkətinin təlimçiləri Oğuzhan Subaşı və Kənan Doğanərin “Xarici hücum səthinin idarə edilməsi” (External Attack Surface Management), “Kibertəhdidlərin kəşfiyyatı” (Cyber Threat Intelligence) və “Rəqəmsal risklərdən müdafiə üsulları” (Digital Risk Protection) mövzularında çıxışları dinlənilib.
Çıxışlarda informasiya təhlükəsizliyinin gündən-günə irəlilədiyi bir dövrdə risklərdən müdafiə üsullarından bəhs edilib. Vurğulanıb ki, rəqəmsal risklərdən müdafiə üçün proseslərin avtomatlaşdırılması, rəqəmsal monitorinq və erkən xəbərdarlıq sistemlərindən istifadə edilməsi vacibdir. Həmçinin SOCRadarın təsirli kibertəhlükə kəşfiyyatından bəhs olunub. Bildirilib ki, xarici  hücum səthinin idarə edilməsi (EASM) internetlə üzləşən aktivlər və sistemlər tərəfindən təqdim olunan riskləri müəyyən və idarə edən inkişafda olan kibertəhlükəsizlik üsuludur. 
Bunlarla yanaşı, vebinarda kompüterlərin istifadəsi və serverlərin quraşdırılması zamanı yarana biləcək kibertəhlükəsizlik riskləri, təhlükəsizlik qaydalarına diqqət edilməsi, verilənlər bazasının etibarlı mühafizəsi, kompüter şəbəkələrindən və şəbəkə resurslarından icazəsiz girişlərin, sui-istifadənin və bu kimi digər halların qarşısının alınması, eləcə də məlumatların qorunmasında istifadəçinin mümkün kiberhücumlardan necə mühafizə olunması barədə ətraflı məlumatlar verilib. Vebinar iştirakçılarının nəzərinə çatdırılıb ki, kibertəhdidlər müxtəlif şəkillərdə baş verə bilər. İşlətdiyimiz proqramlarda yarana biləcək səhvlər, zərərvermə məqsədilə yazılmış virus proqramları, birbaşa və dolayı hücumlar, istifadəçi səhvləri bunlara misal ola bilər. Bu səbəbdən hər bir istifadəçi kibertəhlükəsizliklə bağlı maariflənməli, bilik və bacarıqlarını artırmalıdır. 
Sonda iştirakçıları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası 
Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti