Prezident İlham Əliyev 6 iyun 2024-cü il tarixli fərmanı ilə təsdiqlənmiş “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib.
Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, nazirliyə aşağıdakı yeni səlahyyətlər verilib:
- tabeliyində olan qurum vasitəsilə yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkilində iştirak etmək, həmçinin aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin etmək;
- Bakı şəhərinin inzibati ərazisində parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarəti təmin etmək;
- yaşayış məntəqələri ərazilərinin və ya ərazi hissələrinin planlaşdırılması çərçivəsində hazırlanan müfəssəl planların layihələrinə insanların və yüklərin daşınması (yaxın məsafələrə daşımaları həyata keçirən ümumi istifadədə olan nəqliyyat vasitələri ilə daşımalar da daxil olmaqla), o cümlədən insanların (piyada və nəqliyyatla) hərəkət çevikliyi ilə bağlı tələblərin təmin olunması baxımından rəy verilməsini təmin etmək;
- avtomobil yollarının, avtovağzalların (avtostansiyaların), yeraltı keçidlərin, metro çıxışlarının, velosiped zolaqlarının inşasına, əsaslı təmirinə, yenidən qurulmasına və bərpasına dair layihələrə yolun buraxıcılıq qabiliyyəti və ərazinin yol-nəqliyyat infrastrukturuna uyğunluq göstəriciləri nəzərə alınmaqla rəy verilməsini təmin etmək.