Photoshop-un yeni versiyasında neyron şəbəkəsi əsasında çalışan yeni faydalı funksiya istifadəyə verilib. Söhbət, fotonun generativ genişlənməsi funksiyasından gedir. Daha öncə Photoshop buna bənzər funksiyanı artıq əldə etmişdi. Həmin funksiya neyron şəbəkəsi vasitəsilə bu və ya digər fotoya müxtəlif arxa fonları tərtib etməyə imkan verirdi. Lakin həmin funksiya çərçivəsində neyron şəbəkə avtomatik şəkildə çalışırdı.
Photoshop-un yeni beta versiyasında isə oxşar funksiya bu və ya digər fotoya istifadəçinin sorğusu əsasında arxa fonu tərtib edir. Məsələn istifadəçi sorğuda okean sözünü yazsa, fotonun arxa fonunda okean mənzərəsi tərtib ediləcək. Lakin istifadəçi sorğunu qeyd etməsə, neyron şəbəkəsi fotoya maksimal dərəcədə yaxın ola biləcək arxa fon mövzusunu özü təyin edəcək. Bu funksiya Photoshop-un stabil versiyasına payız fəslində əlavə ediləcək.