PDF konvertasiya saytlarından istifadəçilərin özəl sənədləri sızdırılıb
Mütəxəssislər faylların PDF formatına çevrilməsi xidmətlərini təklif edən iki saytda ciddi məlumat sızıntısını aşkar ediblər. Söhbət, PDF Pro və Help PDF saytlarından gedir. Bu iki sayt Britaniyanın bir şirkətinə məxsusdur və məlum olub ki, onlar Amazon S3 adlı bulud yaddaşı açıq mənbə kimi saxlayıblar. Nəticədə istifadəçilərin özəl sənədlərinin sızması baş verib. Sızmış məlumatlar arasında istifadəçilərin pasportları, sertifikatları, şəxsiyyət vəsiqələri və müqavilələri var. Ümumilikdə 89.062 ədəd fayl sızdırılıb.
Onlardan 87.818-i PDF Pro saytına, 1.244-ü isə Help PDF saytına məxsus olub. Mütəxəssislər bildiriblər ki, istifadəçilərin özəl sənədlərini əldə etməklə dələduzlar və hakerlər geniş dələduzluq imkanlarından istifadə edə bilərlər. Bunların arasında kreditlərin əldə edilməsi, daşınmaz əmlakın icarəsi və istifadəçi adından bahalı məhsulların alınması var. Mütəxəssislərin baş vermiş bu məlumat sızıntısı barəsində müvafiq tərəflərə məlumat vermələrinə baxmayaraq məlumatlar hələ də açıq mənbə şəklində qalırlar. İstifadəçilər tərəfindən adları sadalanmış saytlara yüklənə biləcək istənilən yeni sənəd də açıq mənbə şəklində əks olunacaq.