Paint-də süni zəka vasitəsilə fotoların tərtibatı funksiyası istifadəyə verilib
Microsoft şirkəti Windows 11-dəki Paint tətbiqində mətn formatında təsvirlər əsasında fotoların tərtib edilməsi funksiyasını işə salıb. Sözügedən funksiya OpenAI şirkətinin DALL-E 3 adlı süni zəka sistemi əsasında qurulub. Funksiyanın özü Cocreator adını əldə edib. Beləliklə bundan sonra istifadəçilər Paint tətbiqi daxilində Cocreator funksiyası vasitəsilə fotoları tərtib edə biləcəklər. Qeyd etmək lazımdır ki, sentyabr ayında bu funksiya Windows 11-in test versiyalarında aktivləşdirilmişdi. İndi isə o, bütün Windows 11 istifadəçiləri üçün təqdim edilib.
Fotonun tərtibatı üçün Paint daxilində təmiz səhifəni açıb sağ paneldə Cocreator funksiyasını seçmək lazımdır. Daha sonra isə sadəcə olaraq tərtibatı planlaşdırılan fotonun təsvirini mətn formatında qeyd etmək lazımdır. Bu cür süni zəka sistemi ilə ilk dəfə yaxından tanış olanlar üçün tətbiq daxilində 4 mərhələli təlimat da təqdim edilib. Məlumatda qeyd edilib ki, bəzi Windows 11 istifadəçiləri Cocreator funksiyasını yalnız gözləmə siyahısına qeydiyyatdan keçdikdən sonra əldə edə bilərlər. Şirkət adətən bu cür qeydiyyatları bir neçə gün ərzində təsdiqləyir. Paint daxilində Cocreator funksiyasını aşkar etməmiş istifadəçilər tətbiqin son versiyasından istifadə edib-etmədiklərindən əmin olmalıdırlar.