“CYBER ON” şirkəti tərəfindən aparılan monitorinqə əsasən, 2022-ci il ərzində “.az” ölkə kodlu informasiya resurslarına qarşı çox saylı kiberhücumlar nəticəsində 97 veb-resursa xaker müdaxiləsi halının reallaşdırıldığı müəyyən olunub.
Kiberhücumlar həyata keçirilmiş veb-resursların analizi göstərir ki, onların 34%-ində informasiya resursunun düzgün və təhlükəsiz kodlanmaması, 66%-də isə server sazlamalarının düzgün qurulmaması onları xakerlərin hədəfinə çevirib.
Analizlər, eyni zamanda bu veb-resursların 8-inin təkrar-təkrar hücuma məruz qalmasına baxmayaraq çatışmazlıqlarını aradan qaldırmaq üçün lazımı tədbirləri görmədiyi faktını ortaya çıxarıb.
Kibermüdaxilə halları aşkarlanan veb-resursların ölkələr üzrə statistikasına nəzər saldıqda onların 51%-nin ABŞ, 15%-nin İngiltərə, 11%-nin Azərbaycan, 8%-nin Almaniya, 7%-nin Rusiya, 7%-nin Estoniya, 1%-nin isə Litvada saxlanıldığı (Hosting) müəyyən olunub.
Kiberhücumların 66%-nin serverlərin boşluğundan istifadə olunaraq həyata keçirilməsini nəzərə alaraq “CYBER ON” bir daha “shared hosting”istifadə edən şirkətləri diqqətli olmaları üçün xəbərdar edir və təhlükəsiz informasiya ehtiyatlarına sahib olmaq üçün proqramlaşdırma (Secure Coding), audit/pentest xidmətlərini təklif edir.