OpenAI istənilən şəxsin səsini klonlaşdıran yeni texnologiyasını anons edib
OpenAI şirkəti yeni innovasiyalı texnologiyasını təqdim edib. Şirkətin yeni texnologiyası Voice Engine adlanır. O, 15 saniyəlik audio nümunə sayəsində istənilən şəxsin səsini klonlaşdırma bacarığına sahibdir. Voice Engine qısa audio siqnalı analiz edərək emosional və realistik səs ilə təbii səslənməyə sahib nitqi tərtib edir. OpenAI şirkətinin nitq sintezi mövzusunda artıq mövcud olan API əsasında çalışan bu yeni texnologiya müxtəlif faydalı məqsədlərdə istifadə edilə bilər.
Məsələn audio kitabların səsləndirilməsində, nitq tərcüməsində, danışıq imkanı mövzusunda müəyyən məhdudiyyətlərə sahib insanlar üçün yardımda və s. Şirkət həmçinin sözügedən texnologiyanın istifadə risklərini də nəzərə alır. Belə ki, Voice Engine heç də yaxşı niyyətə sahib olmayan insanlar tərəfindən müxtəlif məqsədlər üçün sui-istifadə edilə bilər. Şirkət bu cür halların qarşısını almaq üçün müəyyən ciddi tədbirlər də görür. OpenAI bildirib ki, Voice Engine hal-hazırda ilkin test mərhələsindədir.