NVIDIA şirkəti süni zəka tapşırıqları üçün nəzərdə tutulmuş H200 adlı yeni çipini təqdim edib. Sözügedən süni zəka çipi hal hazırda müxtəlif şirkətlər tərəfindən aktiv şəkildə istifadə edilən və sayında qıtlıq yaşanan H100 çipini əvəzləyəcək. H200 çipi xarici görünüşcə H100-dən heç də fərqlənmir. Lakin əsas fərqlilik yeni Çipin yaddaşındadır. Belə ki, H200 çipi HBM3e standartlı 141 GB yaddaş ilə təchiz olunub. Yaddaş həcminin məlumatları ötürməsi sürəti isə saniyədə 4.8 TB (terabayt) təşkil edir.
Müqayisə üçün qeyd etmək lazımdır ki, H100 çipində bu göstərici saniyədə 3.35 TB-dır. NVIDIA-nın sözlərinə əsasən yeni süni zəka çipi H100 ilə müqayisədə generativ süni zəka tapşırıqlarında ikiqat performans artımını sərgiləyir. Bu cür qiymətləndirmə GPT-3 və Llama 2 dil modellərindəki testlərə əsaslanır. H200 çipi H100 tərəfindən dəstəklənən bütün sistemlərlə uyğunlaşa bilir. H200 çipinin gələn ilin ikinci rübündə satışa çıxacağı gözlənilir. Onun hansı qiymətə satılacağı bilinmir. Lakin qeyd etmək lazımdır ki, H100-ün qiyməti hal hazırda 40 000$-a çata bilir.