Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 30 yanvar 2024-cü il tarixdə Şahbuz rayonunda “İKT və Rəqəmsallaşmada sosial məsuliyyət" mövzusunda seminar keçirilib.
Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə keçirilən seminarda rayonun dövlət qurumlarında çalışan informasiya texnologiyaları sahəsinə məsul şəxslər iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli çıxış edərək bildirib ki, İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) və rəqəmsallaşma cəmiyyətin inkişafına təsir göstərən vacib amillərdəndir. Muxtar respublikada son illərdə bu sahənin inkişaf etdirilməsi üçün ölkə prezidentinin təşəbbüsü nəticəsində səmərəli addımlar atılıb.
Seminarın əhəmiyyətinə toxunaraq vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mövcud olan informasiya və kommunikasiya infrastrukturunun inkişaf etdirilməsi, informasiya sistemləri və resurslarının formalaşdırılması, o cümlədən yeni avadanlıq və texnologiyaların tətbiqi istqamətində zəruri işlər həyata keçirilir.
Sonda iştirakçıların mövzu barəsində sualları cavablandırılıb.
Qeyd edək ki, Nazirliyin Tədbirlər planına əsasən keçirilən seminarların məqsədi rəqəmsallaşma və informasiya resursları sistemlərinin inteqrasiyasının təmin edilməsi, dövlət qurumları arasında etibarlı və təhlükəsiz informasiya mübadiləsinin həyata keçirilməsidir. Növbəti seminarın Culfa rayonunda keçirilməsi planlaşdırılıb.