Neuralink öz beyin implantını üçüncü pasientə implantasiya edib
Elon Musk-ın Neuralink şirkəti təqribi olaraq 1 il bundan öncə öz beyin implantını Noland Arbaugh adlı ilk pasientə implantasiya etmişdi. İfliclikdən əziyyət çəkən Noland beyin implantını əldə edəndən müəyyən müddət sonra fikir gücü vasitəsilə kompüter siçanının ekrandakı işarəsini idarə etməyi öyrəndi. Keçən ilin yay fəslində Neuralink öz beyin implantını ikinci pasientə implantasiya etdi. İndi isə Musk rəsmi şəkildə elan edib ki, şirkət öz beyin implantını üçüncü pasientə implantasiya edib.
Beyin implantını əldə etmiş üçüncü pasientin adı açıqlanmayıb. Lakin Musk bildirib ki, Neuralink-in beyin implantını əldə etmiş üç nəfər pasientdə implant problemsiz şəkildə çalışır. Bundan əlavə olaraq Musk bildirib ki, o bu il ərzində 20 və ya 30 nəfər pasientə Neuralink-in beyin implantını implantasiya etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, Neuralink təkcə beyin implantı üzərində deyil, həmçinin göz implantı üzərində də çalışır. Şirkət hətta keçən il göz implantının prototipini sərgiləmişdi. Bu implant görmə məhdudiyyətli insanlarda görmə qabiliyyətinin nisbətən bərpa edilməsinə hədəflənib.