Naxçıvan Dövlət Universitetində “İnnovasiyali iqtisadiyyatda rəqəmsallaşma: rəqəmsal mühasibat uçotu müasir maliyyə mexanizmləri, reallıqlar və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərovun moderatorluğu ilə keçən konfransda Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli, maliyyə naziri Həsən İsmayılov,rəsmi şəxslər, NDU-nun müəllim heyəti, həmçinin tələbələr iştirak ediblər.
Konfransda Universitetin rektoru Elbrus İsayev belə görüşlərin təşkilini yüksək qiymətləndirib, 2025-ci ildə bu mövzuda daha çox tədbirlərin olacağını qeyd edib. Rektor dördüncü sənaye inqilabı dövründə müasir çağırışların rəqəmsal bacarıqları öyrənməyi və yararlanmağı tələb etdiyini vurğulayıb. Eyni zamanda, Naxçıvan Dövlət Universitetinin də sürətlə rəqəmsallaşmağa doğru irəlilədiyinə diqqət çəkib.
Sonra Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli və maliyyə naziri Həsən İsmayılov, çıxış ediblər. Rəsmilər Azərbaycan iqtisadiyyatında rəqəmsallaşmanın tətbiqi, bu sahədə statistik məlumatların, aparılan təhlillərin müsbət nəticələri, rəqəmsal maarifləndirməyə göstərilən diqqət, rəqəmsal transformasiya, kibertəhlükəsizlik, süni intellekt və innovativ yeniliklərin qarşıya qoyduğu əsaslı çağırışlardan söz açıblar.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin “Mühasibat və maliyyə” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Teymur Abbasov “İnnovasiyalı iqtisadiyyatda rəqəmsal mühasibat uçotu: müasir reallıqlar və perspektivlər”, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının professoru, iqtisad elmləri doktoru Rəsul Balayev “Rəqəmsal innovasiyaların prioritetləri”, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Zahid Qənbərov “Vergi xidmətində rəqəmsallaşma və innovativ xidmətlər” mövzularında çıxış edib, dayanıqlı iqtisadiyyatın təmin olunmasında rəqəmsallaşmanın rolundan danışıblar.