"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

NDU-da “Cyber Threat Investigation & Digital Intelligence" Bootcamp Nakhchivan – 2026 keçirilib

Naxçıvan Dövlət Universitetinin İnnovasiya Mərkəzində “Cyber Threat Investigation & Digital Intelligence" Bootcamp Nakhchivan – 2026 (“Kiber Təhdidlərin Araşdırılması və Rəqəmsal Kəşfiyyat Təlim Kampı Naxçıvan – 2026”) adlı təlim baş tutub.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev müasir dövrdə rəqəmsallaşmanın və informasiya təhlükəsizliyinin vacibliyindən bəhs edib. Universitetdə yeni açılan “İnformasiya təhlükəsizliyi” ixtisasının bu sahənin inkişafı baxımından əhəmiyyətli rol oynadığını bildirən rektor, eyni zamanda rəqəmsal transformasiya və kibertəhlükəsizlik istiqamətində kadr hazırlığının gücləndirilməsinin, maarifləndirici təlimlərin keçirilməsinin vacibliyini də xüsusi vurğulayıb.

Tədbirin rəsmi açılışında çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov bildirib ki, müasir dövrdə informasiya təhlükəsizliyi artıq yalnız texniki məsələ deyil, dövlətin və cəmiyyətin dayanıqlılığını müəyyən edən əsas amillərdən biridir.

“İnformasiya təhlükəsizliyi artıq dərsliklərdəki termin olmaqdan çıxaraq dövlətimizin və hər bir vətəndaşımızın rəqəmsal azadlığının, suverenliyinin sarsılmaz təminatçısına çevrilib” – deyə o vurğulayıb.

Nazir müavini həmçinin qeyd edib ki, təşkil olunan bootcamp yalnız iştirakçılara nəzəri biliklərin ötürülməsi məqsədi daşımır. Təlim çərçivəsində real həyatı əks etdirən kiber ssenarilər üzərində işləməklə gənclərin praktiki bacarıqları da inkişaf etdirilir.

İRİA İnformasiya Təhlükəsizliyi Departamentinin müdiri Şahmar Hacıyəhyəyev çıxışlarında kibertəhlükəsizliyin müasir dövrdə strateji əhəmiyyətindən danışıb. Rəqəmsal sistemlərin davamlı inkişafı ilə yanaşı, bu sistemlərin təhlükəsizliyinin təmin olunmasının da eyni dərəcədə vacib olduğunu bildirib.

Kompüter mühəndisliyi (tədris ingilis dilində) ixtisası üzrə I kurs tələbəsi Cəmilə Babayeva tələbələr adından çıxış edərək bu cür təlimlərin keçirilməsinin gənclərin bilik və bacarıqlarının inkişafına kömək edəcəyini qeyd edib.

Çıxışlardan sonra iki mərhələdən ibarət praktiki təlim proqramına start verilib. Təlimin birinci mərhələsində real həyatı simulyasiya edən kibercinayət ssenarisi əsasında tapşırıqlar icra olunub. Bu mərhələdə rəqəmsal izlərin aşkarlanması və interpretasiyası, istifadəçi davranışlarının və izburaxma mexanizmlərinin təhlili, açıq mənbələrdən məlumatların toplanması və strukturlaşdırılmış analiz yanaşmaları tətbiq edilib.

İkinci mərhələdə isə komandalar üzrə praktiki araşdırmalar aparılıb. Verilmiş məlumatlar əsasında şəxs və fəaliyyətlərin identifikasiyası həyata keçirilib, əlaqələr və strukturlar təhlil olunub. Eyni zamanda “flag-based” tapşırıqlar yerinə yetirilib, komandalar arasında rəqabət mühiti yaradılıb.

Təlimin yekununda əldə olunan nəticələr təqdim olunub, analitik yanaşmalar müzakirə edilib, həmçinin kibertəhlükəsizlik sahəsində peşəkar inkişaf yolları barədə fikir mübadiləsi aparılıb.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.