Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının mövcud və ya yarana biləcək təhlükələrdən qorunması məqsədilə kibertəhlükəsizlik haqqında maarifləndirmə tədbirləri həyata keçirilir. Həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin aidiyyəti əməkdaşları “Kibergigiyena layihəsi”nə qoşulublar. Layihənin əsas məqsədi informasiya təhlükəsizliyində biliklərin artırılması və möhkəm kiber immuna sahib olmaqdır. Layihə çərçivəsində
Həyata keçirilən kibergigiyena layihəsində Nazirliyin 34 əməkdaşı iştirak edib. Layihənin icrası çərçivəsində mühəndislərin kiberhücum nümunələri əsasında hazırlanmış simulyasiya testlərinə yanaşmaları və hazırlıqları müəyyən edilib. Üç mərhələdən ibarət olan müsabiqənin ilkin mərhələsində əməkdaşlar test-sorğuda iştirak ediblər. İkinci mərhələdə "Kibergigiyena" mövzusunda onlayn kursa qoşulublar. Üçüncü mərhələdə isə yenidən Kibergigiyena portalında 2-ci modul üzrə imtahan veriblər.
Məlumat üçün bildirilir ki, kibergigiyena şəbəkədə fəaliyyətdən yaranan təhlükələrin azaldılmasına yönələn bilik və bacarıqları özündə ehtiva edir. Bura həm mövcud risk sahələri haqqında məlumatlandırma, həm də bu risklərdən yayınma üsulları aiddir. Hər bir internet istifadəçisi bilməlidir ki, internetdə müəyyən təhlükələr var. Bu təhlükələr arasında şəxsi məlumatların, maliyyə vəsaitlərinin oğurlanması, təşkilat, müəssisə, qurum, hətta ölkənin təhlükəsizliyi üçün də risklər mövcuddur. Bu təhlükələri bilmək və onlardan qorunmaq bir çox problemlərə qarşı operativ tədbir görmək lazımdır. Kibergigiyena internetdən təhlükəsiz istifadəni, şəxsi və korporativ məlumatların qorunmasını, riskli sahələrin müəyyən edilməsini, rəqəmsal təhlükəsizlik üzrə baza biliklərinin artırılmasının vacibliyini öyrədir.
Bu layihənin yekun hədəfi riskləri düzgün qiymətləndirərək, onlardan qorunmaq üsullarını bilməklə şəbəkədən istifadə zamanı yaranan təhlükələrdən effektiv müdafiə olunmaqdır.