Muxtar respublikada ətraf mühitin qorunması və təbii sərvətlərin artırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Naxçıvanpoçt" publik hüquqi şəxsin əməkdaşları növbəti nümunəvi təşəbbüslə çıxış etmişlər. Müəssisənin kollektivinin təşkil etdiyi yaşıllaşdırma iməcliyi çərçivəsində muxtar respublikanın müvafiq ərazisində 50-yə yaxın yeni həmişəyaşıl ağac əkilmiş və mövcud yaşıllıqlara peşəkar şəkildə qulluq göstərilmişdir.
Tədbir zamanı əməkdaşlar həm yeni ağacların əkilməsi, həm də mövcud ağacların sağlamlığını qorumaq məqsədilə budama işlərini həyata keçirmişlər. Bu fəaliyyətlər təbii yaşıllıqların artırılmasına və bölgədə ekoloji tarazlığın təmin olunmasına xidmət edir. Hər bir ağacın əkilməsi gələcək nəsillər üçün daha təmiz və sağlam bir mühitin yaradılmasına töhfədir.
Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bu təşəbbüsü muxtar respublikada davamlı inkişaf məqsədlərinə uyğun olaraq həyata keçirilən ekoloji tədbirlərin əhəmiyyətini bir daha təsdiq edir. Gələcəkdə bu cür təşəbbüslər davamlı olacaq və daha geniş ərazilərdə yaşıllıqların artırılmasına yönəlmiş layihələr həyata keçiriləcəkdir.