Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvanpoçt” publik hüquqi şəxsinin mərkəzi filialında gündəlik iş vaxtı 2 saat uzadıldı.
Məqsəd əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunmasıdır.
Artıq Naxçıvan şəhər mərkəzi poçtu bazar günləri də daxil olmaqla hər gün saat 09:00-dan 20:00-dək vətəndaşlara fasiləsiz olaraq xidmət göstərəcəkdir. Bu halda işçilərin iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən iş saatları həftələr üzrə bərabər bölüşdürülür.
Rayon filialları isə əvvəlki iş rejiminə uyğun olaraq həftənin bütün günləri fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək, eləcə də poçt məntəqələri isə həftənin bazar ertəsi-şənbə günləri daxil olmaqla saat 09:00-dan 17:00-dək (saat 13:00-14:00 nahar fasiləsi) vətəndaşların xidmətindədir.
Qeyd edək ki, poçt məntəqələrində ənənəvi poçt xidmətləri ilə yanaşı, istehlakçılardan istifadə etdikləri elektrik, qaz, su sərfiyyatı haqlarının yığılması və sayğacların smart kartlarının balansının artırılması, sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunənin və danışıq haqlarının, internet abunəçilərinin balansının artırılması xidmətindən istifadə haqlarının, məcburi dövlət sosial sığorta haqlarının, yerli (bələdiyyə) vergilərin, habelə Bank və Bank olmayan Kredit təşkilatına kredit borclarının ödənişləri həyata keçirilir.
Muxtar respublika sakinlərinə nümunəvi poçt rabitəsi xidmətlərinin göstərilməsi, ən əsası isə vətəndaş məmnunluğunun təmin edilməsi hər zaman diqqətdə saxlanılır.