“Naxçıvanpoçt”-da “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda təlim keçirilib
Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu “Naxçıvanpoçt” publik hüquqi şəxsində Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd "Naxçıvanpoçt"-un kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.
Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən “Naxçıvanpoçt”-un kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə göstərilib, suallar cavablandırılıb.
Daha sonra təlimin praktik hissəsində şərti zəlzələ həyəcanı elan edilib. Zəlzələ zamanı düzgün mövqe seçimi və digər davranışlar əməkdaşların iştirakı ilə nümayiş olunub. Əməkdaşların təxliyəsi və “ilkin tibbi yardımın göstərilməsi” əməliyyatları həyata keçirilib.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.