Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir.
8 Noyabr – Zəfər Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş rabitəçi şəhidlərin ailələrinə baş çəkiblər. Zəfər Günü münasibəti ilə şəhidlərin ailə üzvlərini təbrik ediblər.
Nazirlik əməkdaşları onlarla həmsöhbət olub, mənəvi dəstəklərini ifadə ediblər, gətirdikləri sovqatları təqdim ediblər.
Görüşlər zamanı şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdiyini və daim onların hünərinin Azərbaycan xalqının yaddaşında yaşayacağı qeyd edilib. Mərd oğullarımızın qəhrəmanlıqla dolu döyüş yolu xatırlanıb, hər birinin göstərdiyi igidlikdən bəhs olunub.
Şəhidlərimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Nazirlik əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.
· Quliyev Nihad Qasım oğlu 24 yanvar 1997-ci ildə Ordubad rayonunun Unus kəndində anadan olub. 19 sentyabr 2023-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən müharibəsi iştirakçısı", "İgidliyə görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub. Atası Quliyev Qasım Ordubad Rayon Rabitə İdarəsində sürücü vəzifəsində işləyir.
· Hüseynov Ülvü Möhsün oğlu 1988-ci il aprelin 16-da Ordubad rayonunun Sabirkənddə anadan olub. 7 noyabr 2020-ci ildə Şuşa döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhid olub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Qarabağ" ordeni, ölümündən sonra "Vətən uğrunda" medalı, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, “Vətən Müharibəsi Qəhrəmanı”, “Şücaətə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” medalı (III dərəcə), “Cəbrayılın azad olunmasına görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Qardaşı Hüseynov Əli Möhsün oğlu Ordubad Rayon Rabitə İdarəsinin Sabirkənd Avtomat Telefon Stansiyasının rabitə mütəxəssisi işləyir.
· Abdullayev İntiqam Allahverdi oğlu 12 avqust 1998-ci ildə Ordubad rayonunun Düylün kəndində anadan olub. 2 oktyabr 2020-ci il Murovdağ uğrundə gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. Əmisi Abdullayev İbrahim Ordubad Rayon Rabitə İdarəsində mühafizə işləyir.
· Rzayev Surxay İsa oğlu 04 avqust 1973-cü ildə Ordubad rayonunun Düylün kəndində anadan olub. 19 may 1994-cü ildə Mil dağı istiqamətində snayper atəşi ilə qətlə yetirilib. Qardası Rzayev Mərdan Ordubad Rayon Rabitə İdarəsinin Düylün Avtomat Telefon Stansiyasının rabitə mütəxəssisi işləyir.
·Məmmədov Valid Qasım oğlu 1954-cü ildə Sədərək rayonunda anadan olub. 6 may 1992-ci ildə yaralılara yardım edən zaman qəhrəmancasına şəhid olub. Oğlu Məmmədov Süleyman Valid oğlu Sədərək Rayon Rabitə İdarəsinin Dəmirçi kənd Avtomat Telefon Stansiyasının rabitə mütəxəssisi işləyir.