Avqustun 30-da Türkiyə Respublikasının Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun təşkilatçılığı ilə konsulluğun iqamətgahında tədbir keçirilib. Əvvəlcə Azərbaycan və Türkiyə respublikalarının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki qardaş ölkənin Dövlət Himnləri səsləndirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya və digər rəsmi şəxslər iştirak edib.
Tədbirdə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubu oxunub.
Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək Zəfər Bayramı münasibətilə təbriklərini çatdırıb, dövlət başçılarımızın ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərini daha yüksək səviyyədə inkişaf etdirdiyini vurğulayıblar. Bildirilib ki, bir millət, iki dövlət və tək yumruq müstəvisində inkişaf edən Azərbaycan-Türkiyə münasibətləri bölgədə yeni reallıqlar yaradıb.
Tədbirdə Türkiyənin şanlı zəfər tarixindən bəhs edən videoçarx nümayiş etdirilib.
Zəfər Bayramı tədbiri bədii hissə ilə davam edib.