Muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında elektron xidmətlər göstərilməsi istiqamətində bir sıra zəruri tədbirlər həyata keçirilib.
Bu barədə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nazirliyin mühəndis-proqramçıları tərəfindən muxtar respublikada bir sıra qurumlara aid hazırlanmış internet saytları həm funksionallıq, həm də məzmun cəhətdən təkmilləşdirilib, yeni informasiyalarla zənginləşdirilib. İstifadəçi rahatlığını təmin etmək üçün yeni yazılan saytlar müasir üslubda tərtib edilərək, hər bir istifadəçinin kompüterinin, planşetinin və ya mobil telefonunun ekran ölçülərinə (responsive dizayn) uyğunlaşdırılıb.
Bunlarla yanaşı, Nazirlik digər aidiyyəti qurumlarla olduğu kimi Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə də müvafiq sahə üzrə sıx əməkdaşlıq edir. Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarına aid informasiya ehtiyatlarının saxlanması və mühafizəsi, onların dövlət domen zonasında yerləşdirilməsi, təhlükəsizlik auditi məqsədi ilə nazirliyin mütəxəssisləri üçün təlimlər keçirilib, eləcə də onların kibergigiyena layihəsinə qoşulması təmin edilib. Həmçinin, muxtar respublikada “AzstateNet” internet, voice və data şəbəkəsinin qurulması üzrə də işlər həyata keçirilməkdədir.
2023-cü ilin yanvar-fevral ayları ərzində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndis-proqramçıları tərəfindən “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2012-ci il 189 saylı Qərarına uyğun olaraq yenilənən dövlət qurumlarının internet səhifələri Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən audit yoxlamaları aparıldıqdan sonra “GOV.AZ” zonasında yerləşdirilməsi təmin edilib.
Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin (nnk.gov.az, office@nnk.gov.az), Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin (nsupremecourt.gov.az, office@nsupremecourt.gov.az), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının (nmsk.gov.az, office@nmsk.gov.az), Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin (nmincom.gov.az, info@nmincom.gov.az), Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (neco.gov.az, office@neco.gov.az), Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (nagro.gov.az, office@nagro.gov.az), Naxçıvan Muxtar Respublikası Energetika Dövlət Xidmətinin (nminenergy.gov.az, office@nminenergy.gov.az), Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin (ndim.gov.az, office@ndim.gov.az), Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin (nrb.gov.az, info@nrb.gov.az), “Şərq qapısı” qəzetinin (serqqapisi.gov.az, info@serqqapisi.gov.az) internet səhifələrinin “AzstateNet” şəbəkəsində yerləşdirilməsi təmin edilib.
Həmçinin, yenilənən internet səhifələrinin SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması, saytın axtarış sistemlərinə uyğunlaşdırılması, Google axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün nazirliyin mühəndisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib, saytların domen ünvanları da müvafiq qaydada yenilənməklə gov.az domeninə bağlı e-poçt adresləri ilə təmin edilib.
Nazirliyin mühəndis-proqramçıları tərəfindən muxtar respublikada rayon (şəhər) icra hakimiyyətlərinin, Naxçıvan Muxtar Respublika Prokurorluğunun, Ədliyyə, Daxili İşlər, Təhsil, Səhiyyə, Gənclər və İdman, Mədəniyyət nazirliklərinin, Statistika Komitəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası İdarəsinin, Turizm Departamentinin, “Naxçıvan Beynəlxalq Hava Limanı” Qapalı Səhmdar Cəmiyyətinin internet səhifələri yenilənməkdədir ki, onların da audit yoxlamaları aparıldıqdan sonra “GOV.AZ” domen zonasına köçürülməsi həyata keçiriləcəkdir. İnternet saytlarının hazırlanması ilə yanaşı, həmçinin, bir sıra qurumlar “GOV.AZ” domeninə bağlı e-poçt adresləri ilə də təmin olunublar.
Nazirlik tərəfindən muxtar respublikada elektron imzanın tətbiqi və dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib. 2022-ci il ərzində 12-si vətəndaş, 54-ü sahibkar, 64-ü hüquqi şəxs və 262-i dövlət qurumu olmaqla, ümumilikdə, 392, cari ilin yanvar-fevral aylarında isə 3-ü sahibkar, 10-u hüquqi şəxs və 48-i dövlət qurumu olmaqla, cəmi 61 elektron imza sertifikatı istifadəçilərə təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublikada elektronlaşma sahəsində tədbirlər bundan sonrada davam etdiriləcəkdir.