Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən sakinlərə göstərilən bütün növ xidmətlərin o cümlədən, poçt, rabitə və nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Bu məqsədlə də Nazirliyin tabeli qurumu olan “Naxçıvanpoçt” publik hüquqi şəxsinin Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdəki poçt bölmələri tərəfindən muxtar respublikada poçt xidmətlərinin çeşidinin artırılması və xidmət portfelinin genişləndirilməsi məqsədilə “Nurlu Karqo” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlanılıb.
Bağlanılmış müqaviləyə uyğun olaraq istifadəçilər üçün qlobal saytlardan sifariş edilmiş məhsullar, eləcə də ölkə daxili göndərişlər daha rahat və sürətli şəkildə ünvana çatdırılacaqdır.
Xidmətin muxtar respublikanın kəndlərini də əhatə etməsi nəzərdə tutulur. Həyata keçirilən bu tədbir əhalinin müasir poçt xidmətlərləri ilə əhatə olunmasına öz töhfəsini verməklə yanaşı, poçt xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində də mühüm amildir.
Vurğulayaq ki, “Naxçıvanpoçt” biznes mühitində rəqabətliliyin inkişafı üçün poçt şəbəkəsindən digər sahibkarların da faydalanması üçün şərait yaradır. Qurum artıq 2 karqo şirkəti ilə əməkdaşlıq edir və bunu davam etdirməyi planlaşdırır.