Bu mərkəz muxtar respublikada rəqəmsallaşmanın inkişafına zəmin yaradacaq
Bu gün rəqəmsal transformasiya sahəsində məlumatlar bütün dünyada kritik aktivə çevrilməklə yanaşı, onların idarə edilməsi, istifadəsi və qorunmasını müəyyən edən proseslər, standartlar, həmçinin saxlanılması, emalı və təhlükəsizliyi, habelə uyğunluğunun təmin edilməsi aktual məsələlərdir. Bu məqsədlə ölkəmizdə də rəqəmsal texnologiyaların geniş tətbiqi, infrastrukturun təkmilləşdirilməsi, o cümlədən data mərkəzlərin yaradılması, məlumatların emalı və bu istiqamət üzrə kadr hazırlığı diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda da bu sahədə mühüm addımların atılması nəzərdə tutulub. Data Mərkəzinin inşa edilməsi muxtar respublikanın sosial-iqtisadi inkişafı fonunda rəqəmsal inkişafın şərtləndirilməsinə zəmin yaradacaq ki, bu da geosiyasi regionda yerləşən muxtar respublikada olduqca xüsusi əhəmiyyətə malikdir. Artıq mərkəzin layihələndirilməsi ilə bağlı iş planı hazırlanıb, işçi qrupu yaradılıb və bu istiqamətdə görüləcək işlər müəyyənləşdirilib. Həmçinin mərkəzin konseptual layihəsi hazırlanıb və şəhərsalma tələblərinə uyğunluğunun müəyyənləşdirilməsi üçün aid qurumla razılaşdırılıb. Bununla yanaşı, mərkəzin texnoloji infrastrukturu ilə bağlı nazirliyin mühəndisləri tərəfindən təhlillər aparılıb, eləcə də tender sənədləri hazırlanıb. Layihələndirməyə dair təqdim olunan siyahılara uyğun olaraq təkliflər toplanılıb və Dövlət satınalmalarının vahid internet portalında (www.etender.gov.az) satınalma elanı yerləşdirilib və layihələndirmə ilə bağlı tenderin keçirilməsi üçün zəruri tədbirlər görülüb. Tikinti layihəsinin şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olduğunun müəyyən edilməsi üçün layihənin aid qurumlara göndərilməsi və ekspertizadan keçirilməsi də həyata keçirilməkdədir.
Qeyd edək ki, muxtar respublikada yeni inşa ediləcək Data Mərkəz “TIER III” standartına uyğun qurulacaq və burada bütün infrastrukturun rezervlənməsi nəzərdə tutulur. Bu da öz növbəsində texniki qüsur olduqda belə, fasiləsiz şəkildə fəaliyyət göstərməyə imkan verərək xidmət keyfiyyətinin 99,982 faiz səviyyəsində olması və ya il ərzində ümumi boşdayanma ehtimalı müddətinin 1,6 saatdan artıq olmaması deməkdir. Eyni zamanda bu, enerjidən istifadənin optimallaşdırılması, enerji mənbələrinin idarə edilməsi və enerji paylaşdırıcı avadanlıqlar sayəsində ətraf mühitə tam zərərsiz infrastrukturdur.
“TIER III” səviyyəli data mərkəzin əsas xüsusiyyətlərindən biri onun komponentlərinə eyni vaxtda texniki xidmət göstərə bilmək imkanına malik olmasıdır. Yəni generator və ya UPS kimi vahid komponentlər data mərkəzdə server rəflərinin qoşulmuş enerji yükünə təsir etmədən texniki xidmət üçün söndürülə bilər. Belə data mərkəzlərdə enerji mənbələri və soyutma üçün çoxsaylı rabitə kanalları və ikili enerji mənbələri olan paylama yolları mövcuddur ki, bir yol sıradan çıxdıqda digəri müvəqqəti onu əvəz edə bilir və sistemlərin işlək vəziyyətdə qalması təmin edilir. Bundan əlavə, “TIER III” səviyyəli data mərkəzlər gözlənilməyən boşdayanma vaxtı artıqlığın və ehtiyat nüsxələrinin çıxarılmasının daha yaxşı idarə edilməsinə imkan verir. Eyni vaxtda texniki xidmət göstərilə bilən mexaniki və elektrik sistemləri o komponent sıradan çıxdıqda sistemdə 1 ehtiyat nüsxənin mövcud olmasını təyin edən N+1 ehtiyat nüsxəsinə malikdir. Data Mərkəzinin texniki imkanlarına nəzər saldıqda isə kritik infrastruktur sistemlərini xüsusi rejimdə rezervləməklə, hətta avadanlığa texniki baxış və ya təmir zamanı belə fasiləsiz fəaliyyət göstərməsi rəqəmsal xidmətlərin dayanıqlılığını təmin edir.
Mərkəzin səviyyə əsaslı təsnifatı da rəqəmsal iştirakçılar üçün çox faydalıdır. Belə ki, Data Mərkəzin səviyyə əsasında təsnifatı mərkəzin obyektinin həcmini və imkanını müəyyən etməkdə və məlumat verməkdə provayderlərə kömək edir. Sahə standartı yeni obyektlərin inkişaf strategiyalarının uyğunlaşdırılmasına da kömək edir. Ümumilikdə isə “TIER III” beynəlxalq uyğunluq sertifikatı ilə təmin olunması nəzərdə tutulan Data Mərkəz öz imkanları və irihəcmli verilənlərin toplanılmasına və emalına, ümumilikdə, muxtar respublikada rəqəmsallaşmaya öz töhfəsini verəcəkdir ki, bu da Naxçıvan Muxtar Respublikasının ümumi inkişafında əvəzsiz rola malikdir.