"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Naxçıvanda ilk dəfə Karyera Forumu keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində Karyera Forumu keçirilib.

Naxçıvanda ilk dəfə olaraq keçirilən Forumda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, Naxçıvan Muxtar Respublikasının Təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Ovni Muradov, Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Məcid Seyidov, Naxçıvan Muxtar Respublikası rabitə və yeni texnologiyalar nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Rahid Ələkbərli, dövlət və özəl qurumların nümayəndələri, karyera məsləhətçiləri, yerli və xarici spikerlər, insan resursları mütəxəssisləri, təhsil ekspertləri və digər qonaqlar iştirak edib.

“Qədim diyarda yeni fürsətlər” devizi ilə keçirilən Forumun məqsədi peşəkar kadrların yetişdirilməsi, kadr ehtiyaclarının qarşılanması, əmək bazarına keçidin asanlaşdırılması və peşəkar bacarıqların inkişaf etdirilməsidir.

Anar Əliyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə son illər aparılan sosial islahatlar, əmək bazarının inkişafı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi üçün atılan addımları diqqətə çatdırıb. O, son 5 ildə qeyri-formal məşğulluqla mübarizə sahəsində aparılan tədbirlər nəticəsində əmək müqavilələrinin sayında 35% artım olduğunu qeyd edib.

Bildirilib ki, tarixi qələbəmizlə başa çatan Vətən müharibəsindən sonra şəhid ailələri, müharibə iştirakçıları və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial dəstək tədbirləri ilə əhatə olunması istiqamətində mühüm tədbirlər həyata keçirilib və 124 min şəxsə 300 mindən çox xidmət göstərilib.

DOST konsepsiyasından da danışan A.Əliyev artıq 6 DOST Mərkəzinin fəaliyyət göstərdiyini, yaxın zamanda Naxçıvan şəhərində də Mərkəzin istifadəyə veriləcəyini qeyd edib.

Vurğulanıb ki, məşğulluq sistemində də dərin islahatlar həyata keçirilir. Son 5 ildə məşğulluq orqanları tərəfindən 1 milyondan çox şəxslə müxtəlif istiqamətlər üzrə iş aparılıb. Məşğulluq xidmətləri sahəsində innovativ həllərin tətbiqi və rəqəmsallaşdırma işlərindən bəhs olunub. Bu ilin may ayında əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) istifadəyə verildiyi qeyd olunub.

Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə hazırlığı sistemində səmərəliliyin artırılması məqsədilə Regional Peşə Hazırlığı Mərkəzlərinin modernləşdirilməsi, Mərkəzlərin sayının ölkə üzrə 10-a çatdırılması, kursların beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması və özəl tədris mərkəzlərinin prose aktiv cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Cari ilin ötən dövrü ərzində 9 minə yaxın şəxs peşə hazırlığına cəlb edilib.

Peşəyönümü məsləhət xidməti sahəsində bir sıra layihələrin həyata keçirildiyi, 136 mindən çox şəxsə xidmət göstərildiyi və məsləhət xidməti, karyera planlamasının rolunun artırılması istiqamətində işlərin də davam etdirildiyi bildirilib.

Qeyd olunub ki, bu Forum əmək bazarının tənzimlənməsi, kadr potensialının gücləndirilməsi, gələcəyin ən vacib əmək bacarıqları və onlara yiyələnmək yolları barədə müzakirə platforması yaratmağa imkan verir.

Forum müddətində 4 yerli və 2 xarici spikerin iştirakı ilə "Bilməmək eyib deyil, peşəkardan soruşmamaq eyibdir", "Bacarıq əmək bazarının cövhəridir" və "Dövr elə bu dövrdür" adlı 3 panel üzrə “Karyera planlaması işinə niyə investisiya edilməlidir”?, “Effektiv Karyera mərkəzlərinin formalaşdırılması”, “Bu günün və sabahın əmək bazarının bizdən gözləntiləri nədir”?, “Bacarıqların gələcəyi, gələcəyin bacarıqları”, “Karyera inkişafında dövlət/özəl əməkdaşlığın perspektivləri”, “Karyera yüksəlişində korporativ mədəniyyət” mövzularında peşəkar zəmində müzakirələr aparılıb, spikerlərlə iştirakçıların birgə əməkdaşlığı nəticəsində icmallar hazırlanıb.