"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Naxçıvanda Diaspor Gənclərinin IV Yay Düşərgəsinin açılış mərasimi keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev-100” tədbirləri çərçivəsində keçirilən Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri və əklil qoyublar.

Sonra Heydər Əliyev Sarayında Diaspor Gənclərinin IV Yay Düşərgəsinin açılış mərasimi keçirilib.

Mərasimdə əvvəlcə dövlət himnimiz səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca “Heydər Əliyev və diaspor quruculuğu” sənədli filmi nümayiş etdirilib.

Mərasimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Heydər Əliyev Fondunun nümayəndəsi Aydan Ramazanova çıxış ediblər.

Çıxış edənlər müxtəlif ölkələrdən gələn gəncləri ümummilli lider Heydər Əliyevin doğma vətəni Naxçıvandan iftixarla salamlayıb, düşərgənin işinə uğurlar arzulayıblar.

Çıxışlarda ulu öndərimizin siyasi fəaliyyətinin Naxçıvan dövrünə nəzər salınaraq qeyd edilib ki, təqib və təzyiqlərə məruz qaldığı, ölkəmizin uçuruma yuvarlandığı həmin dövrdə dahi rəhbərin uzaqgörənliklə atdığı ən böyük addımlardan biri də gənclər siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi idi. Məhz həmin illərdə formalaşan gənclər ümummilli liderimizin siyasətini dəstəkləyərək ölkəmizi bugünkü inkişafa gətirən əsas hərəkətverici qüvvəyə çevrildilər.

Qeyd edilib ki, ulu öndərimizin siyasi xətti bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dövlətinə sadiq, vətənpərvər gənclərimiz 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə müstəqil Azərbaycanın yeni tarixinə Şanlı Zəfərimizi yazdırdı. Bu gün gənclərimiz dünyanın hər yerində mənsub olduğu ölkəni və milləti layiqincə təmsil edir, əsl həmrəylik nümayiş etdirirlər.

Tədbirin davamında Diaspor Gənclərinin ötən illərdəki düşərgəsindən hazırlanmış videoçarx nümayiş etdirilib.

Sonra tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, avqustun 18-dək davam edəcək Diaspor Gənclərinin IV Yay Düşərgəsində 53 ölkədən gəlmiş 100-dən artıq gənc iştirak edir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamı çərçivəsində həyata keçirilən layihə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etmək məqsədinə xidmət edir.

Düşərgənin proqramına Naxçıvanın tarixi və mədəni abidələri ilə tanışlıq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər, eləcə də gənclər üçün əyləncəli proqramlar, intellektual oyunlar daxildir.