Sentyabrın 15-də, Bilik Günündə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan Dövlət Universitetində olub, keçirilən tədbirlərdə iştirak edib.
Səlahiyyətli nümayəndə praktik tədris prosesini izləyib, yeni tədris ili münasibətilə təbriklərini çatdırıb, tələbələrin peşəkar tibbi kadrlar kimi formalaşacaqlarına əminliyini bildirib, tədrisdə uğurlar arzulayıb.
Sonra Tibb fakültəsinin birinci kurs tələbələri ilə Bilik Günü münasibətilə görüş keçirilib.
Görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tələbə adını qazanan gəncləri təbrik edib, kollektivə uğurlu tədris ili arzulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası nəticəsində muxtar respublikada genişmiqyaslı infrastruktur quruculuğu layihələri reallaşdırılacaq, elm və təhsil müəssisələri tikilib istifadəyə veriləcək. Çünki bu gün dövlətimiz təhsilin inkişafını birbaşa sosial öhdəlik kimi qarşıya məqsəd qoyub. Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə bu istiqamətdə hər il geniş layihələr icra olunur.
Səlahiyyətli nümayəndə vurğulayıb ki, ötən dövrdə Naxçıvanda yeni məktəb və tədris binaları tikilsə də, müasir konseptlərə cavab vermir. Hətta bir sıra tədris ocaqlarının inşası zamanı ciddi nöqsanlara yol verildiyindən istismara yararsız vəziyyətdə olduğu müəyyənləşdirilib və bununla bağlı işlər görülür. Qısa zamanda sözügedən dövlət proqramı əsasında yeni təhsil infrastrukturları reallaşdırılacaq. Bunlardan biri də Naxçıvan Dövlət Universitetinin ikinci tədris kampusu olacaq. Universitetin tibb fakültəsinə aid olacaq yeni kampus şəhərin ən gözəl guşələrindən birində inşa olunacaq və tibbə dair bütün müasir təchizatla təmin olunacaq. Həmçinin universitet ərazisindəki tədris korpusları yenilənəcək.
Universitetin son illərdəki uğurlu əməkdaşlıq əlaqələrindən də danışan səlahiyyətli nümayəndə bildirib ki, qabaqcıl universitetlərlə ikili diplom layihələrinin reallaşdırılması uğurlu addımlardır. Dünya universitetləri və digər beynəlxalq qurumlarla bu cür faydalı əməkdaşlıqlar qısa müddətdə Naxçıvan Dövlət Universitetini dünyanın qabaqcıl ali təhsil ocaqlarından birinə çevirəcək. Bu əlaqələrin qurulmasında tələbələrin xarici dil biliklərinə yiyələnməsi müasir dövrün tələbinə uyğun olaraq mütləq xarakter daşıyır. Buna görə də bu ildən ingilisdilli tibb ixtisasının fəaliyyətə başlaması, eləcə də Universitetin Beynəlxalq Məktəbinin istifadəyə verilməsi yeni tədris ilinin mühüm yeniliklərindən biridir. Bütün bunlar beynəlxalq əməkdaşlıq əlaqələrini daha da genişləndirəcək, universitetin tədris imkanları Avropa, Amerika və Dünyanın digər qabaqcıl təhsil sistemlərinə inteqrasiya olunacaq, tələbə-tədqiqatçılar üçün xarici ədəbiyyatlar daha əlçatan olacaq. Bir sözlə, digər istiqamətlərlə yanaşı, davamlı inkişaf yolunda olan tibb ixtisası üzrə də hərtərəfli biliyə malik peşəkar kadrlar yetişəcək.
Fuad Nəcəfli tələbələrə yaradılan və yaradılacaq bu imkanlardan maksimum yararlanmağı tövsiyə edib və əminliyini bildirib ki, onlar gələcəyin peşəkar kadrları kimi ölkə və muxtar respublikanın səhiyyə ocaqlarında fəaliyyətlərini davam etdirəcəklər.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qısa zaman ərzində görülən işləri universitet həyatında daha ümidverici mərhələnin başlanğıcı kimi dəyərləndirib. Rektor qeyd edib ki, beynəlxalq proqramların iştirakçısı olan Naxçıvan Dövlət Universiteti yeni model struktura malik qabaqcıl təhsil ocağına çevrilir. Ölkə üzrə iki böyük kampusu olacaq yeganə universitet beynəlxalq reytinqlərdə öz layiqli yerini tutub. SAT və IELTS mərkəzlərinin, ingilis dilində ixtisasların yaradılması universitetdə xarici dil mühiti yaradıb. Bütün bunların nəticəsində Naxçıvan Dövlət Universitetinə maraq daha da artıb. Təkcə yeni tədris ili ərəfəsində universitetin SAT mərkəzinə mindən artıq müraciət daxil olub. Eyni zamanda bu il müxtəlif xarici ölkələrdən 700-dən artıq əcnəbi tələbə təhsilini davam etdirmək üçün Naxçıvan Dövlət Universitetinə müraciət edib və onlardan 250-si qəbul olunub. Hazırda ali təhsil ocağında 19 ölkədən 1903 əcnəbi tələbə təhsilini davam etdirir.
Elbrus İsayev yeni layihələrin icrası çərçivəsində unikal ali təhsil ocağına çevrilən Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti adından dövlətimizə minnətdarlıq edib, göstərilən etimadı daha böyük uğurlarla doğruldacaqlarını bildirib, tələbələrə yeni tədris ilində uğurlar arzulayıb.
İngilisdilli Tibb ixtisası üzrə birinci kurs tələbəsi İnci Fərəcova deyib ki, ötən illərdə burada təhsil alan tələbələrin təəssüratları, universitetin reytinq sıralamalarında ön sıralarda yer alması, xüsusən də tədrisin ingilis dilində təşkili 657 balla bu ixtisası seçməsində önəmli rol oynayıb. O, tələbə yoldaşları adından əmin edib ki, təhsillərini uğurla başa vuracaq, xalqımıza və dövlətimizə layiq peşəkar tibbi kadr kimi formalaşacaqlar.
Görüşün ardınca Beynəlxalq Münasibətlər Fakültəsində “2023 Enactus Azərbaycan Milli Yarışının” qalibi olan və ölkəmizi Niderland krallığının Utrext şəhərində keçiriləcək dünya çempionatında təmsil edəcək universitet komandası ilə görüş olub. Səlahiyyətli nümayəndə bu uğura görə kollektivi təbrik edib, gənclərimizlə fəxr etdiyini bildirib. Fuad Nəcəfli gənclərə növbəti mərhələdə uğurlar arzulayıb, qısa zamanda onların layihələrinin istehsalata çevrilməsini və tibbi layihələrin icrasında fəal iştirakını arzulayıb, ENACTUS komandası ilə xatirə fotosu çəkdirib.
Ardınca səlahiyyətli nümayəndə universitet ərazisində texnoparkın inşaat işləri ilə maraqlanıb. Məlumat verilib ki, tikintisi davam etdirilən texnoparkda energetika, gülkarlıq, tingçilik, kənd təsərrüfatı və aqronomluq, coğrafiya, üzümçülük, meliorasiya, arıçılıq sahələri, tədris otaqları və sərgi-biopark, texnopark binaları, eləcə də nəbatat bağı fəaliyyət göstərəcək.
Səlahiyyətli nümayəndə Fuad Nəcəfli universitetin Pedaqoji fakültəsində yaradılan Texnologiya Mərkəzində də olub, “Tikiş texnologiyası”, “Xalçaçılıq texnologiyası”, “Toxuculuq texnologiyası”, “Ağac və metal məmulatlarının hazırlanması texnologiyası”, “Kulinariya” və digər kabinələrdə sərgilənən əl işləri ilə tanış olub.
Səlahiyyətli nümayəndəyə ümummilli lider Heydər Əliyevin muncuqla işlənmiş portreti hədiyyə edilib.