"Məhz öz coğrafi mövqeyimizə görə biz bütün rabitə vasitələrini inkişaf etdirmək və qlobal informasiya sistemi yaradılmasında irəliləyişi təmin etmək üçün misilsiz imkanlara malikik"

Heydər Əliyev

"İnsanların işləməsi, fəaliyyət göstərməsi, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir"

Heydər Əliyev

"Rabitəçilərin vəzifəsi bütün rabitə növlərinin, xüsusən telefon rabitəsinin iş keyfiyətini daha da yüksəltməkdən, əhalinin ehtiyac və tələbatına daha çox fikir verməkdən ibarətdir"

Heydər Əliyev

"Son illər Azərbaycanda rabitənin inkişafı sürətlə gedir və aparılan işlər, əldə olunan nəticələr təqdirəlayiqdir"

Heydər Əliyev

"İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir"

Heydər Əliyev

Naxçıvanda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd edilib

Martın 7-də Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli DramTeatrında Naxçıvan Muxtar Respublikası 100: Azərbaycanın inkişafında qadınların rolu" mövzusunda tədbir keçirilib.

Əvvəlcə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və digər tədbir iştirakçıları istedadlı qadınların rəsm və əl işlərindən, ailə təsərrüfatı məhsullarından, eləcə də qadınlar tərəfindən nəşr olunan kitablardan ibarət sərgiyə baxıblar.

Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə çıxış edərək bildirib ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü ümumdünya xalqlarının ümumi nailiyyəti olsa da, hər bir cəmiyyətə bu əlamətdar günü qeyd etmək nəsib olmayıb. Azərbaycan xalqının folklor və milli-mənəvi dəyərlər sistemində formalaşmış qadın obrazı var. Bu nəcib obraz tarixin bütün dövrlərində bütün sahələrdə ön sıralarda olub, cəmiyyətin inkişafında özünəməxsus rol oynayıb. Buna görə də dövlət siyasətimizdə qadın fəaliyyəti və gender bərabərliyinin rolu mühüm yer tutur.

Səlahiyyətli nümayəndə qeyd edib ki, bu gün Azərbaycana gender bərabərliyi dərsi keçməyə çalışan bir çox ölkələrdə qadınların cəmiyyətdə seçmək, seçilmək hüququ İkinci Dünya müharibəsindən sonra verilsə də, Azərbaycanda bu məsələ 1918-ci ildə öz həllini tapmışdı. Həmin dövrdə seçkilərdə bərabər hüquq verilən qadınlarımızın ilk qurultayı keçirilib və bu ənənə bu gün də davam etdirilir. Qadın əməyini müstəqil Azərbaycanın yumşaq gücü adlandıran Fuad Nəcəfli Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə xalqımıza məxsus milli dəyərlərin, adət-ənənələrimizin dünya miqyasında təbliği, qorunması və inkişaf etdirilməsi istiqamətində görülən çoxsaylı tədbirlərdən bəhs edib.

Səlahiyyətli nümayəndə İkinci Qarabağ müharibəsində Vətən övladlarının şücaətinə diqqət çəkərək vurğulayıb ki, parlaq qələbəmizdə, hər şeydən öncə, vətənpərvər övlad böyüdən qəhrəman şəhid anaları misilsiz rol oynayıb. 

Qeyd edib ki, hazırda Naxçıvanda mühüm islahatlar həyata keçirilir, gələcək inkişafa hesablanmış layihələr icra olunur. Cəmiyyət həyatının bütün sahələrini əhatə edən bu tədbirlərin hər birində qadınlar xüsusi fəallıq göstərir, muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafına mühüm töhfələr verirlər. Fuad Nəcəfli başda şəhid anaları olmaqla muxtar respublika qadınlarını təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək qeyd edib ki, bu gün dövlət qadın və gender siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda sosial sahələrin inkişafı ilə bağlı bir çox layihələrin icrası ilə yanaşı, muxtar respublikada Regional Ailə mərkəzlərinin yaradılması da nəzərdə tutulub. Bildirilib ki, Azərbaycan qadınları ölkəmizin sosial-iqtisadi, mədəni, ictimai həyatında fəal iştirak edirlər. Bütün dövrlərdə qadınlarımızın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.

Ramilə Seyidova göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.

Naxçıvan Dövlət Universitetinin tələbəsi, Prezident təqaüdçüsü İnci Fərəcova muxtar respublikada gender bərabərliyinin və hərtərəfli təhsil şəraitinin təmin edildiyini vurğulayaraq bildirib ki, qadın tələbələr bütün imkanlardan yararlanır, mübadilə və təcrübə proqramlarında fəal iştirak edirlər. İnci Fərəcova göstərilən etimadı doğruldaraq gələcəkdə ixtisaslı həkim kimi formalaşacağına və dövlətimizə layiqincə xidmət edəcəyinə söz verib.

Çıxışlardan sonra muxtar respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına müxtəlif nominasiyalar üzrə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplomları təqdim olunub.

Təltif olunanlardan Nurlana Əliyeva və Məhəbbət Mirzəyeva ziyalı qadınlar adından göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonra Naxçıvan televiziyasının hazırladığı "Naxçıvan Muxtar Respublikası 100: Azərbaycanın inkişafında qadınların rolu” filmi nümayiş etdirilib.

Tədbir bədii hissə ilə davam edib.