Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi muxtar respublikada “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası”na uyğun olaraq təlimlər keçirir. Təlimlərə 500-dən artıq taksi minik avtomobil sürücüsü cəlb olunub.
Qeyd edək ki, tədris zamanı iştirakçılara sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar, taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları haqqında ətraflı məlumatlar verilir, habelə yol hərəkəti qaydalarını özündə əks etdirən praktiki məşğələlər keçirilir. Proqramın yekununda imtahan təşkil edilir. Xüsusi hazırlığı müvəffəqiyyətlə bitirən sürücülərə şəhadətnamə təqdim olunur.
Görülən işlər, həyata keçirilən məqsədyönlü tədbirlər taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə və vətəndaş məmnunluğunun artırılmasına geniş imkanlar yaradacaqdır.
#neqliyyat #rabite #reqemsal